Elxan Məmmədov: "Futzal millimizin baş məşqçisi ilə müqavilə uzadılacaq" - MÜSAHİBƏ

Elxan Məmmədov: "Futzal millimizin baş məşqçisi ilə müqavilə uzadılacaq" - MÜSAHİBƏ "Onun rəhbərliyi altında komandamız çox yaxşı nəticə göstərdi"
Futbol
11 Aprel , 2017 22:47
Elxan Məmmədov: Futzal millimizin baş məşqçisi ilə müqavilə uzadılacaq - MÜSAHİBƏ
Elxan Məmmədov

Bakı. 11 aprel. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov futzal üzrə Avropa çempionatının əsas mərhələsinin Bakıda keçirilən "B" qrupunun oyunları başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report"un məlumatına görə, E.Məmmədov əvvəlcə Azərbaycan yığmasının Sloveniyada keçiriləcək final mərhələsinə vəsiqə qazanması ilə əlaqədar fikirlərini bölüşüb:

- Beşinci dəfə Avropa çempionatına vəsiqə qazandıq. Bu, sevindirici haldır. İnanıram ki, 2018-ci ildə Sloveniyada keçiriləcək nüfuzlu yarışda da inamlı oyun nümayiş etdirəcəyik.

Əsas mərhələnin 3 oyunu arasında hansından daha çox razı qaldınız?

- Təbii ki, bugünkü oyundan.

Niyə, ilk 2 turun oyununda Azərbaycan yığması çətinliklə üzləşdi?

- Məncə, təzyiq var idi. Əslində ən çətini Bosniya və Herseqovinaya qarşı oyun idi. Evdə oynamaq bir tərəfdən yaxşı haldırsa, digər tərəfdən, təzyiq çox olur. Millimizi səfərdə də görmüşük: orada daha rahat oynayır. Burada isə ilk oyunlarında bir qədər təzyiq altında çıxış edirdilər. Amma son qarşılaşmasında komandamız tam açıldı və nəticədə əsas seçmə mərhələni yüzfaizlik nəticə ilə başa vurdu.

Biro Jade ilə Avropa çempionatının final mərhələsi üçün də əməkdaşlıq davam edəcək?

- Çox güman ki. Onun rəhbərliyi altında komandamız çox yaxşı nəticə göstərdi, inamlı oyunlar nümayiş etdirdi. Düşünürəm ki, heyətlə, kollektivlə yaxşı münasibət qurdu. Bir sözlə, əsl komanda ruhu yarada bildi. Yəqin ki, İcraiyyə Komitəsi buna müsbət yanaşacaq. Ən əsası, sevindirici haldır ki, Biro Jade gözümüzün qabağında baş məşqçi oldu. Yəni, əvvəlcə millidə oynadı, sonra da komandaya rəhbərlik etməyə başladı.

Dünya çempionatında uğurla çıxış etmiş komandanın qarşısında, sizcə, daha yüksək hədəf qoymaq lazım deyilmi?

- Təbii ki, futzaldakı hədəfimiz daha yüksəkdir. Çünki burada daha yaxşı nəticələr göstəririk. Avropa çempionatı ərəfəsində baş məşqçi ilə oturaraq, qarşısına hədəflər qoyacağıq.

Azərbaycan yığması bir neçə güclü yığma olmaqla, digər komandaları asanlıqla məğlub edirdi. Amma indi millinin çətinliklə üzləşməsi ölkə çempionatının səviyyəsinin aşağı düşməsi ilə əlaqədar deyil?

- Deməzdim ki, bu, çempionatın səviyyəsinə görədir. Heç bir komanda eyni səviyyədə oyun nümayiş etdirə bilmir. Yəni, ildən-ilə dəyişir. Yaxşı haldır ki, indiki mərhələdə bu komandanın təməli qoyulur. Bu, 2018-ci il Avropa çempionatında daha inamlı oyun nümayiş etdirmək üçündür.

Son xəbərlər

Orphus sistemi