Bakı. 14 iyun. REPORT.AZ/ "Kəpəz"in Müşahidə Şurasının sədri Elmir Vəliyev klubun rəsmi saytına müsahibəsində geridə qalan mövsümlə bağlı fikirlərini bölüşüb. "Report" E.Vəliyevin müsahibəsini təqdim edir.
- Öncə mövsümün yekunları ilə bağlı fikirlərinizi öyrənmək istərdik....
- Əvvəlcə onu deyim ki, çempionat gərgin mübarizəyə səhnə oldu. Bir-birindən maraqlı keçən oyunlar izlədik. Uzun marafon "Qarabağ"ın çempionluğu ilə başa çatdı. Ağdam klubunu təbrik edir, onlara Çempionlar Liqasında uğurlar arzulayıram. İnanıram ki, Qarabağ adı yenə Avropada ən yaxşı şəkildə təmsil olunacaq. Avropa Liqasına vəsiqə qazanan öz komandamızla yanaşı, "Qəbələ" və "Neftçi"yə də uğurlar arzulayıram. Təbii ki, "Kəpəz"in uğurlarına biz daha çox sevinirik. Sevimli klubumuz çempionatın debütantı olsa da, layiqli şəkildə mübarizə apardı və bunun da nəticəsi olaraq qitəmiqyaslı turnirə vəsiqə əldə etdi. Bu, hamımızın uğurudur.
- Çempionatın startında "Kəpəz"dən bu nəticə gözlənilməsə də, komanda 16 ildən sonra yenidən avrokuboklarda oynamaq hüququ qazandı. Bununla bağlı siz nə düşünürsüz?
- "Kəpəz"in futbolumuzun elitasına qayıtması azarkeşlərin arzusu, əsas istəyi idi. Ötən mövsümün əvvəlində lisenziya şərtlərinə uyğun olaraq, belə imkan yarandı və komandamız Premyer Liqada mübarizəyə başladı. Komanda sıfırdan quruldu, klubun yeni strukturu formalaşdı. Düzdür, ilk vaxtlar çətin oldu, amma bu məqam bizi ruhdan salmadı. Bütün bacarığmızı ortaya qoyub nəticə qazanmağa çalışdıq. Əvvəlcə hədəf çempionatda möhkəmlənib yerimizi qorumaq idi. Oyundan-oyuna daha yaxşı nəticələr qazana biləcəyimizi gördük. İlk "6-lıq"a düşməyə çalışırdıq, amma çempionatın sonuna doğru medal qazanmaq imkanımız da yarandı. Demək istəyirəm ki, "Kəpəz" bu yerə elə-belə gəlib çıxmayıb, komanda məqsədyönlü fəaliyyətin, zəhmətin nəticəsi olaraq çempionatı layiqli şəkildə başa vurdu.
- Başçılıq etdiyiniz Müşahidə Şurası komandanın çıxışını necə qiymətləndirir?
- Müşahidə Şurasında Gəncənin tanınmış ziyalıları, elm adamları, ictimai xadimlər və futbol mütəxəssisləri yer alıb. Hər şeydən əvvəl biz futbol azarkeşiyik, idmansevər insanlarıq. Müşahidə Şurasının üzvləri də komandanın çıxışından razı qalıb, əldə olunan nəticə yüksək qiymətləndirilir. Biz hər zaman klubun yanında, arxasındayıq. Mövsüm boyu komandaya dəstək olmağa çalışdıq və düşünürəm ki, qarşıya qoyduğumuz ideyaları birlikdə həyata keçirə bildik. Üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirmək üçün yorulmadan çalışdıq. Hər birimiz işimizin nədən ibarət olduğunu və onun həlli yollarını yaxşı bilirik. Şuranın fəaliyyətinin məni qane etdiyini deyə bilərəm. Görülən işlər öz müsbət bəhrəsini verir. Bu isə düzgün yolda olduğumuzun sübutudur.
- Mövsümün əvvəlində "Kəpəz"in ev oyunlarını Gəncədə keçirməmək ehtimalı da vardı. Amma şəhər rəhbərliyinin də səyləri nəticəsində komanda doğma meydanda, azarkeşləri önündə çıxış edə bildi...
- Şəhər stadionunun vəziyyətinə görə "Kəpəz"in Gəncədə oynamamaq ehtimalının az olması bizi sıxırdı. Müşahidə Şurası olaraq ilk növbədə bu problemi aradan qaldırmağa səy göstərdik. Demək olar ki, qurum kimi ilk işimiz komandanın ev oyunlarını Nizami yurdunda keçirməsinə nail olmaq idi. Çətinlikdən çəkinməyib işə başladıq. Bu istiqamətdə görülən işlərdə bizə şəhər rəhbərliyi də dəstək oldu. Buna görə də hər iki qurumun rəhbərliyinə minnətdarıq. Birgə fəaliyyətimiz nəticəsində şəhər stadionunda xeyli işlər görüldü və "Kəpəz"in doğma şəhərdə oynamama təhlükəsi aradan qalxdı.
- Çempionat ərzində stadionda aparılan işlər mütamadi olaraq davam etdirildi. Bu barədə nə deyə bilərsiniz?
- Gəncə şəhər stadionunda uzun illər təmir işləri aparılmadığından, arenanın durumu yaxşı vəziyyətdə deyildi. Qısa müddətdə görülən müəyyən işlərdən sonra qərara aldıq ki, çempionatın gedişində də səylərimizi davam etdirib, çatışmazlıqları yoluna qoyaq. Əsas meydançanın ot örtüyünün yaxşı vəziyyətə gətirilməsi üçün xeyli işlər görüldü. Mütəxəssislər qazonun durumunu həmişə diqqətdə saxlayıb, vaxtlı-vaxtında qulluq göstərdilər. Eyni zamanda tribunalara hissə-hissə yeni oturacaqların quraşdırılmasına başlanıldı. Artıq tribunalar 6 000-ə yaxın oturacaqla təmin edilib. Bundan başqa, stadionumuzda süni örtüklü mini-futbol meydançası inşa edilib, uşaq komandalarının ixtiyarına verilib. AFFA ilə birgə həyata keçirdiyimiz bu işləri davam etdirəcəyik.
- Bir az da gəncəli futbolsevərlərdən danışaq. "Kəpəz"in əsas üstünlüklərindən biri də onun azarkeşləridir. Komandaya marağın bu səviyyədə olacağını gözləyirdinizmi?
- Komandanın Premyer Liqaya dönüşü şübhəsiz, yerli azarkeşləri çox sevindirdi. Gəncə Azərbaycanın əsas futbol mərkəzlərindən biri kimi qəbul olunur. Şəhərimizdə futbola maraq, sevgi hədsizdir. Oyunlarımıza gələn azarkeş sayına baxmaqla bunu bir daha vurğulaya bilərik. Əvvəlki mövsümlərdə komanda aşağı dəstədə çıxış etdiyindən, azarkeşlər sanki futboldan küsmüşdülər. "Kəpəz"in elitaya qayıtması və uğurlu nəticələri azarkeşləri sevindirməklə yanaşı, onların tribunalara qayıtmasına səbəb oldu. Biz də futbolsevərləri stadiona cəlb etmək üçün az iş görmədik. Premyer Liqada iştirak edəcəyimiz təsdiqləndikdən sonra şuranın üzvləri fan-klublarla, futbol veteranları ilə mütəmadi görüşlər keçirdi. Aparılan təbliğat işlərinin nəticəsidir ki, 18 ev oyunumuzu stadiondan 240 mindən artıq azarkeş izləyib. Bu da Topaz Premyer Liqasındakı tamaşaçı sayının 51 faizdən çoxu deməkdir. “Qarabağ”la ev oyunlarında azarkeş sayı 20 400 oldu. Bu, rekord göstəricidir və “Kəpəz”ə məxsusdur. Fanatlar səfər oyunlarında da komandanı tək qoymadılar. Klubumuz tərəfindən onların səfərlərə aparılması üçün şərait yaradıldı. Fürsətdən istifadə edib, komandamızı daim dəstəkləyən azarkeşlərimizə təşəkkürümü bildirirəm. “Kəpəz”in uğurlarında onlar da pay sahibidirlər. Əminəm ki, Avropa Liqasında da azarkeşlər komandaya dəstək verəcəklər. Ev oyunlarını Bakıda keçirəcəyimizdən, klub olaraq paytaxta getmək üçün fanatlara imkan yaradacağıq.
- Uzun müddət “Kəpəz”dən milli komandalara futbolçu dəvət olunmasa da, son mövsümdəki uğurlu çıxış yığmanın məşqçilər korpusunun diqqətini çəkdi...
- Komandamızın qısa müddətdə formalaşmasına baxmayaraq heyətə dəvət etdiyimiz oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər və bunun nəticəsi olaraq 8 futbolçu milli komandalara dəvət aldılar. Buna ancaq sevinə bilərik. “Kəpəz”dən yığmalarda futbolçuların olması, aparılan uğurlu işin göstəricisidir. Gələcəkdə də oyunçularımızın əsas və müxtəlif yaş qrupları üzrə komandalara çağırılacağına ümid edirik.
- Az əvvəl Gəncənin futbol mərkəzi olduğunu qeyd elədiniz. Nizami yurdu hər zaman öz yetirmələri ilə ad çıxarıb və uşaq futbolunun inkişafı ilə bağlı görülən işlər artıq öz bəhrəsini verməyə başlayıb.
- Bəli, düz vurğuladınız. Klubumuzun 11 yaşlılardan ibarət komandası Azərbaycan birincliyinin qalibi oldu. Az müddətdə görülən işlər uğurlu nəticəyə səbəb yaratdı. Uşaqların sevincini biz də paylaşırıq. Onlar futbolda ilk addımlarını atırlar, böyük qələbələri hələ qabaqdadır. Onu da qeyd edim ki, bu mövsüm Gəncənin iki komandası ölkə çempionu, 3 futbolçusu isə müxtəlif yaş qruplarından ibarət liqaların bombardiri oldu. Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının təmsilçisi U-13 liqasında qalib gəldi. Deməli, şəhərimizdə yeni-yeni istedadlar yetişməkdədir. Bu uşaqlar gələcəkdə ölkə futboluna, o cümlədən “Kəpəz”ə xeyir verəcəklər. Uşaq futbolunun inkişafı öndə duran əsas məsələlərdəndir.
- Avropa Liqasının oyunlarına hazırlıq, eləcə də transfer çalışmaları barədə nə deyə bilərsiniz?
- Uzun fasilədən sonra avrokuboklara vəsiqə qazanmağımız bizi sevindirməklə yanaşı, məsuliyyətimizi bir qədər də artırdı. Biz də istəyirik ki, komandamız qitəmiqyaslı yarışlara dönüşünü uğurlu nəticələrlə yaddaşlara həkk etdirsin. Bunun üçün müəyyən işlər görülür. Büdcəmiz səs-küylü transferlər həyata keçirməyə imkan verməsə də, baş məşqçinin xidmətində maraqlı olduğu futbolçular var və onların keçidini reallaşdırmaq istiqamətində işlər görülür. Mövsüm başa çatdıqdan sonra komandadan ayrılanlar oldu. Gedənlərin heyətdə boşluq yaratmamasına çalışırıq. Hansı futbolçunun keçidi rəsmiləşirsə, dərhal ictimaiyyətə açıqlama verilir. Komandanın hazırlıq planına gəldikdə, təlim-məşq toplanışının birinci mərhələsini Türkiyədə reallaşdırırıq. Komanda artıq Ərzurum şəhərindədir və orada 10 gün hazırlıq keçəcək, yoxlama oyunlarında gücünü sınayacaq. Bir sözlə, məsuliyyətimizi anlayır və mümkün qədər komanda üçün ən yaxşısını etməyə çalışırıq.