Bakı. 29 avqust. REPORT.AZ/ "Çox istəyirəm ki, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatında böyük hörmətlə Azərbaycan yığmasının azarkeşi kimi iştirak edək. Buna imkan da, potensial da, motivasiya da var. Sadəcə, daha da çox işləmək lazımdır.
"Report" xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.
XİN rəhbəri komitənin iclasında müzakirə olunan məsələlərdən danışıb:
"Görüş çox maraqlı keçdi. İclasda müxtəlif məsələləri ətraflı müzakirə etdik. AFFA-da belə sərbəst müzakirələrin getməsi çox sevindirici haldır. İndi də danışırdıq ki, iki klubumuz yenə Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Əfsuslar olsun ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmədi. Amma buna imkan var idi. "Qarabağ"ın Çexiya "Viktoriya"sı ilə ev oyununda oldum. Çox təəssüf ki, 85-ci dəqiqədə qol buraxaraq, qitənin ən nüfuzlu klub turnirində yolumuza davam edə bilmədik. Amma doğrudan da klub səviyyəsində tam şəkildə inkişaf gedir".
Komitə üzvü Dünya çempionatı-2018-in seçmə mərhələsində mübarizəyə başlayan Azərbaycan millisinin qarşıdakı oyunu ilə bağlı da fikirlərini də bölüşüb:
"Millimiz isə Dünya çempionatında mübarizəyə başlayır. Sentyabrın 4-də komandamızın San Marino ilə səfər matçından qələbə ilə qayıdacağına inanıram. Rəsmi oyundan qələbə ilə qayıdacaq. Çox istəyirəm ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında böyük hörmətlə Azərbaycan yığmasının azarkeşi kimi iştirak edək. Buna imkan da, potensial da, motivasiya da var. Sadəcə, daha da çox işləmək lazımdır. Olimpiadada 18 medal qazanan ölkəni komanda şəklində təmsil edən də olmalıdır ki, beynəlxalq səviyyədə böyük inkişaf getsin".
Nazir jurnalistlərin "azərbaycanlı iş adamı Hafiz Məmmədovun ermənilərin çoxluq təşkil etdiyi Fransada "Lans"ı satın alması və sonradan bu layihənin uğursuz olması xarici siyasətimizə ziyanlı addım kimi qiymətləndirilir. Xarici İşlər Nazirliyi bununla bağlı kömək etməyi düşünmür ki?" sualına belə cavab verib:
"Birincisi, bunun ziyan olduğunu qəbul etmirəm. Çünki bu, biznes layihəsidir. Hansısa klubu alıb-satmaq öz təşəbbüsü, fikri, qərarıdır. Yadımdadır ki, "Atletiko"nun forması üzərinə "Land of Fire Azerbaijan", sonra isə "Baku 2015 I European Games" yazılmışdı. Bu da böyük təbliğatdır. Təsadüfi deyil ki, "Atletiko" Çempionlar Liqasının finalına çıxmışdı və formasının üzərinə Azərbaycanın adı yazılmışdı. "Lans"a gəldikdə, bu, hər bir biznesmenin öz təşəbbüsüdür. Hökumət bu məsələyə qarışmır. Alqı-satqını necə aparmağı, müqavilədə nələri göstərməyi özləri bilirlər. Amma təbliğat baxımından, inanıram ki, bu, düzgün addımdır. Çünki Azərbaycanın adı həm Avropada, həm də dünyada çəkilirdi. Ona görə mən Azərbaycanı dünyada geniş təbliğ etməyin tərəfdarıyam".