Müasir futbolun ata-oğulları: Azərbaycandan kimlər var?

Müasir futbolun ata-oğulları: Azərbaycandan kimlər var? Dünyaya ulduz futbolçular tez-tez gəlmirlər. Hər dövrün parlayan oyunçuları olur və müəyyən vaxtdan sonra sönürlər. İstedadlı futbolçuların isə heç də həmişə davamçıları olmur
Futbol
14 Sentyabr , 2020 15:34
Müasir futbolun ata-oğulları: Azərbaycandan kimlər var?
Qurban Qurbanov və Musa Qurbanlı

Dünyaya ulduz futbolçular tez-tez gəlmirlər. Hər dövrün parlayan oyunçuları olur və müəyyən vaxtdan sonra sönürlər. İstedadlı futbolçuların isə heç də həmişə davamçıları olmur. Amma dünya futbolunda elə simalar var ki, onlar üçün bu idman növü “ailə biznesi" hesab olunur. Məsələn, Poaolo Maldini, Frenk Lempard və Yordi Kroyf məşhur qohumları ilə öyünürlər. Müasir dövrdə isə yeni tanış soyadlar üzə çıxmaqdadır.

Buraya ABŞ millisinin və Avropa futbolunun veteranı Klaudio Reynanın oğlu Covanni Reyna, Norveç yığmasının əfsanəvi oyunçusu Alf-İnqe Holannın oğlu Erlinq Holann, Fransa seçməsinin heyətində dünya çempionu olmuş Lilian Türamın oğlu Markus Türam, italiyalı Enriko Kyezanın oğlu Federiko Kyeza, Rumıniya futbolunun, bəlkə də, indiyədək ən istedadlı yetirməsi George Hacının oğlu Yanis Hacı, İtaliya yığmasının unudulmaz müdafiəçisi Paolo Maldininin oğlu Daniel Maldini, Afrika futbolunun Avropadakı layiqli nümayəndəsi Corc Veanın oğlu Timoti Vea, Danimarka millisinin sabiq üzvü Peter Şmeyxelin oğlu Kasper Şmeyxel, niderlandlı Patrik Klüvertin oğlu Castin Klüvert kimi oyunçuları aid etmək olar. Əslində bir qədər keçmişə qayıdıb siyahını daha da uzatmaq mümkündür.

Hər dəfə əfsanəvi soyadları gənc oyunçuların futbolkasının arxasında görəndə müxtəlif suallar yaranır: Məşhur futbolçunun oğlu olmaq necə hissdir? Qohumluq əlaqəsi onları daha çox işləməyə vadar edirmi? Oğlu əfsanəvi futbolçunu və onun nailiyyətlərini üstələdikdə hansı hissləri keçirir?

Klaudio Reyna, Alf-İnge Holann və Lilian Türamın müsahibələrındən aydın olur ki, ulduz atası olmaq onun oğlu olmaqdan daha asandır. Bu yaxınlarda oğlunun özündən daha yaxşı olması fikirləri ilə razılaşan K.Reyna deyir ki, o, bütün nəsilə ilham verə bilər: “Bu isə ata kimi məni çox sevindirir”.

Lilian Türam və Markus Türam
Lilian Türam və Markus Türam

Hazırda Almaniyanın “Borussiya” (Dortmund) klubunda çıxış edən E.Holannın fikrincə, məşhur soyad həm xeyir verə, həm də gənc oyunçunu çətin vəziyyətdə qoya bilər: “Bəzi insanlar düşünürdülər ki, atam məşhur olmasaydı, uğur qazana bilməzdim. Amma bu, sadəcə məni motivasiya etdi. Özümün də yaxşı olduğumu dəfələrlə sübut etmişəm. Yəqin ki, artıq atamın hesabına şans qazandığımı deməkdən əl çəkərlər. İlk gündən qarşıma məqsəd qoydum ki, ondan daha yaxşı olacağam. Yaxşı başlamışam, hər şey hələ qarşıdadır. Amma hələ atamı keçməmişəm. Onunla fəxr edirəm”.

Dünyada olduğu kimi, Azərbaycanda da ata-oğul futbolçuların sayı az deyil.

Sergey Kramarenko – Dmitri Kramarenko (hər ikisi qapıçı)

Bu mənada yada düşən ilk soyad Kramarenkodur. 1946-cı ildə Gəncədə dünyaya gəlmiş Sergey Kramarenkonun ilk klubu “Dinamo Kirovabad” olsa da, əsas karyerası “Neftçi” ilə bağlıdır. 1964 - 1975, 1977 - 1981 və 1983-1984-cü illərdə “ağ-qaralar”ın formasını geyinmiş veteran qapıçı 1982-ci ildə Lənkəran “Xəzər"inin də formasını geyinib. 1976-cı ildə Ukrayna “Çernomorets”inin də qapısını qorumuş S.Kramarenko 2008-ci il martın 25-də Rusiyanın paytaxtı Moskvada dünyasını dəyişib.

Ondan sonra oğlu Dmitri Kramarenko bu yolu davam etdirib. Atasından fərqli, o həm də Rusiya klublarındakı çıxışı ilə yadda qalıb. Müxtəlif vaxtlarda “Dinamo”, “Torpedo” (hər ikisi Moskva), “Alaniya”, MOİK, “Baltika” və “Terek”in uğurları üçün çalışan veteran qapıçı Azərbaycanda “Neftçi”, “Karvan”, “Xəzər Lənkəran”, “İnter” (indiki “Keşlə”) və “Simurq”da da oynayıb. Azərbaycan millisinin heyətində uğurlu çıxışı ilə yadda qalan D.Kramarenko Rusiyanın gənclər yığmasının da üzvü olub. Onun qızı Lala Kramarenko isə Rusiyanın bədii gimnastika üzrə yığmasının üzvüdür.

İqor Ponomaryov (yarımmüdafiəçi) – Anatoli Ponomaryov (hücumçu)

Azərbaycanda bu ad-soyadı tanımayan futbol azarkeşi, yəqin ki, olmaz. Karyerasının çox hissəsini “Neftçi”də keçirmiş İqor Ponomaryov SSRİ yığmasının heyətində 1988-ci il Seul Yay Olimpiya Oyunlarının qızıl medallarını qazanıb. Rusiya (MOİK) və İsveçdə (“Norrçyöpinq”) legioner həyatı yaşamış veteran yarımmüdafiəçi SSRİ çempionatında ardıcıl 24 penaltini qola çevirməklə rekorda imza atıb. Ümumilikdə isə o, yerinə yetirdiyi 31 penalti zərbəsindən 31-ni qapıdan keçirməyi bacarıb. İ.Ponomaryov məşqçilik karyerası ərzində Azərbaycan millisi, “Qarabağ”, “Xəzər Lənkəran” və “Sabah” kimi komandalara başçılıq edib. Hazırda “Sabah”ın Müşahidə Şurasının üzvüdür. Ölkə başçısı İlham Əliyevin 2020-ci il 24 fevral tarixli sərəncamı əsasında “Şöhrət” ordeni ilə təltif edilib. 

İqor Ponomaryov
İqor Ponomaryov

Atası kimi futbolu seçən oğul Ponomaryov Azərbaycan klublarından yalnız “İnter” və “Bakı”da çıxış edib. Rusiya və Azərbaycan vətəndaşlığı ilə yanaşı, İsveç pasportu da olan Anatoli bu ölkənin “Norrçöpinq”, “Brommapoykarna”, “Reymersholms”, “Kalmar”, “Qais”, “Ester”, “Degerfors” və “Vazalunds” klublarının formasını geyinib. Bundan başqa, veteran hücumçu İspaniyada “Malyorka”, Yunanıstanda “Ksanti”, İsveçrədə “Vaduts” və Türkiyədə “Orduspor” komandalarında oynayıb.

Badri Kvaratsxeliya (hücumçu) – Xviça Kvaratsxeliya (yarımmüdafiəçi)

Badri Kvaratsxeliya Gürcüstan futbolunun yetirməsi olsa da, “Kəpəz” və “Şəmkir”dəki uğurlu çıxışından sonra 2000-ci ildə milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunub. 1997/1998 mövsümünün əvvəlində gürcü dostlarının köməyilə Gəncə klubuna keçən Kvaratsxeliya 22 oyunda vurduğu 20 qolla həmin çempionatın bombardiri adını qazanıb. Komandasının qızıl medallara yiyələnməsində yaxından iştirak edən gürcü legioner mövsümün sonunda “Kəpəz”dəki prezident dəyişikliyindən sonra “Şəmkir”in yolunu tutub. Bu komanda ilə 3 dəfə Azərbaycan çempionu olmuş Kvaratsxeliya Premyer Liqada ən çox (3 dəfə) het-trik edən əcnəbi futbolçu kimi tarixə düşüb. Azərbaycan millisində cəmi 3 oyun keçirmiş keçmiş forvard rəqib qapılarına yol tapa bilməyib. 

Badri Kvaratsxeliya və Xviça Kvaratsxeliya
Badri Kvaratsxeliya və Xviça Kvaratsxeliya

Özündən fərqli, oğlu Xviça milli komanda seçimini doğma vətənindən yana edib. Hazırda Gürcüstanın ən istedadlı futbolçularından hesab olunan 19 yaşlı hücumameylli yarımmüdafiəçi Rusiya “Rubin”inin formasını geyinir. Əsas milliyə də də dəvət alan X.Kvaratsxeliya burada 2 oyun keçirib.

Şahin Diniyev (yarımmüdafiəçi) – Kərim Diniyev (müdafiəçi), Coşqun Diniyev (yarımmüdafiəçi)

Şahin Diniyev ölkə xaricində uzun müddət çıxış etmiş nadir azərbaycanlı futbolçulardandır. Azərbaycanda “Neftçi” və “Kəpəz” kimi komandalarda oynamış veteran yarımmüdafiəçi Moldovada “Nistru”, Rusiyada “Fakel” və “Terek”, İsraildə isə “Hapoel” (Taybe) və “Beytar” (Təl-Əviv) klublarının şərəfini qoruyub. Azərbaycan millisinin heyətində 16 oyun keçirmiş keçmiş futbolçu qol vura bilməyib.

Şahin Diniyevin iki oğlu var. Uşaq vaxtı avtomobil qəzası zamanı analarını itirən Kərim və Coşqun ataları kimi futbolu özlərinə əsas peşə seçiblər. Kərim Rusiya “Terek”inin, Coşqun isə Bakı “İnter”inin yetirməsidir. İki qardaş yalnız ötən mövsüm “Sabah”da komanda yoldaşı olublar. Bunadək isə daim meydanda rəqib kimi üz-üzə gəliblər. Coşqun hazırda karyerasını “Sabah”da davam etdirsə də, Kərim cari mövsümün əvvəlində “Zirə”yə keçib. C.Diniyev Azərbaycanın əsas millisində 8 oyun keçirib. K.Diniyev isə U-19 və U-21 yığmalarında çıxış edib.

Nizami Sadıqov (qapıçı) – İlkin Sadıqov (hücumçu)

Azərbaycan millisinin və “Turan” klubunun sabiq qapıçısı Nizami Sadıqov unikal göstəriciyə malikdir. Azərbaycan çempionatında ardıcıl 1106 dəqiqə top buraxmadığı üçün mütləq rekordçu olan veteran qolkiper, eyni zamanda, 21 qolla ən çox fərqlənən qapıçıdır. O, qollarının 12-ni penaltidən vurub. Azərbaycan çempionatda 222 oyun keçirmiş N.Sadıqov qapıçı kimi 8 dəfə qol sevinci yaşayıb. O, 26 görüşdə isə sahə oyunçusu kimi meydana çıxaraq 13 qol vurub. 

N.Sadıqovun oğlu İlkin Sadıqov isə hücumçu mövqeyində çıxış edirdi. "Keşlə", “Kəpəz” və “Turan Tovuz” klublarında oynamış 23 yaşlı forvard danışılmış oyunlarda iştirak etdiyi üçün 2019-cu ilin sonlarında futboldan kənarlaşdırılıb.

Nazim Əliyev (hücumçu) – Elgiz Kərəmli (yarımmüdafiəçi)

Azərbaycan çempionatlarının ən yaxşı bombardiri olmuş Nazim Əliyevin hesabında 183 qol var. Veteran hücumçu 1992/1993 (“Xəzər”; 39 qol), 1994/1995 (“Neftçi”; 27 qol), 1996/1997 (“Qarabağ”; 23 qol) və 1997/1998 (“Dinamo” Bakı, “Sumqayıt”; ümumilikdə 23 qol) mövsümlərində ən sərrast oyunçu adını qazanıb. Azərbaycan millisinin formasını cəmi 1 oyunda geyinmiş N.Əliyev 1999-cu ildə peşəkar karyerasını başa vurub.

Nazim Əliyevin oğlu Elgiz Kərimli də futbolçu olub. Lakin o, atasının kölgəsində qalıb. Karyerası daha çox I Divizion klubları ilə bağlı olan oyunçu bir ara “Qarabağ” və “Kəpəz”də də çıxış edib, Azərbaycanın aşağı yaş qrupu üzrə yığmasına cəlb olunub.

Qurban Qurbanov – Musa Qurbanlı (hər ikisi hücumçu)

Azərbaycan futbolunun canlı əfsanələrindən sayılan Qurban Qurbanov istər oyunçu, istərsə də məşqçilik karyerası ərzində qazandığı uğurlarla özünü sübut edib. Futbolçu kimi 4 dəfə Azərbaycan Premyer Liqasının 1 dəfə isə ölkə kubokunun qalibi olmuş veteran hücumçu 115 qolla yerli çempionatın ən sərrast oyunçularından biridir.1996/1997 mövsümündə “Neftçi”nin heyətində 34 qolla bombardir olmuş Qurbanov milli komandada isə rekord sayda - 14 dəfə fərqlənib. “Qarabağ”ın sükanı arxasında 7 dəfə çempionluq sevinci yaşamış 48 yaşlı mütəxəssis 6 dəfə komandasını avrokubokların qrup mərhələsinə daşıyıb.

Qurban Qurbanov və Musa Qurbanlı
Qurban Qurbanov və Musa Qurbanlı

İndi isə Q.Qurbanovun yolunu oğlu Musa Qurbanlı davam etdirir. Hazırda “Qarabağ”ın əsas komandasına cəlb olunmuş 18 yaşlı hücumçu gələcəyinə böyük ümidlər bəslənilən futbolçulardandır. U-21 yığmasının da üzvü olan gənc forvard ötən mövsüm I Divizionun bombardiri olub.

Kamran Nurəhmədov (hücumçu) – Kamil Nurəhmədov, Habil Nurəhmədov (hər ikisi yarımmüdafiəçi)

Kamran Nurəhmədov Azərbaycan Region Liqasında mübarizə aparan “Şirvanovka” (Qusar) klubunun həm təsisçisi, həm məşqçisi, həm də oyunçusudur. İki oğlu Kamil və Habil Nurəhmədovlar da onunla birlikdə Qusarın Şirvanlı kəndini təmsil edən komandada çıxış edir. K.Nurəhmədov həm də Azərbaycan çempionatının rekordçularındandır. O, 2016-cı ildə I Divizionda yarışan "Şahdağ"ın heyətində 49 yaşında meydana çıxmaqla bu ada sahib çıxıb.

Asif Əliyev (yarımmüdafiəçi) - Vasif Əliyev (yarımmüdafiəçi)

Asif Əliyev “Neftçi”nin əfsanəvi futbolçularından biridir. 1973-1974, 1976-1985-ci illərdə “ağ-qaralar”ın heyətində 258 oyun keçirən veteran oyunçu 43 qol vurub. Oğlu Vasif Əliyev də futbolçudur. Amma Azərbaycan futbolunda atası qədər iz qoya bilməyib.

Dünya futbolunda ata-oğul oyunçular hər zaman olub. Əminliklə demək olar ki, ənənə bundan sonra da davam edəcək. Bəlkə də bu günün sıradan futbolçuları gələcəyin dahi oyunçularının ataları kimi daha çox tanınacaqlar. 

Son xəbərlər

Orphus sistemi