“Niyyətimiz I Diviziona vəsiqə qazanmaqdır. Bu səbəbdən Azərbaycan futbol tarixinə adını qızıl hərflərlə yazdırmış “Qarabağ” komandası ilə görüşmək, klubun rəhbərliyindən, baş məşqçisindən, futbolçularından xeyir-dua almaq oyunçularımız üçün çox önəmli idi”.
Bunu “Report”a açıqlamasında Region Liqasında çıxış edən “Difai” klubunun prezidenti Asəf Məlikov deyib.
O bildirib ki, “Difai” Futbol Klubu 2022-ci ildə yaranıb və bu mövsüm Region Liqasında iştirak edib: “Məqsədimiz müharibə iştirakçıları, qazilər və digər gənclərdən ibarət möhtəşəm komanda yaratmaq idi. Region Liqasının qrup mərhələsində buna nail olduğumuzu göstərdik. 12 oyundan 11-də qələbə qazandıq, yalnız bir matçda məğlub olduq”.
Klub rəhbəri qeyd edib ki , I Divizionda iştirak üçün ötən ilin noyabr-dekabr aylarında müraciət ünvanlayıblar: “Bu mövsüm aşağı dəstəyə 4 komanda buraxılacaq. Onlardan biri biz olmaq istəyirik. Demək olar ki, bütün tələblər yerinə yetirilib. Hətta ötən il Sərxan Hacıyevə müraciət edərkən 11 şərtdən 10-nu yerinə yetirmək qabiliyyətində olduğumuzu bildirdik. Yalnız 11-ci meyar - I Divizionda iştirak üçün Region Liqasında ən azı 3 il çıxış etmək məsələsi problem yaradırdı. AFFA rəhbərliyi sağ olsun, bunu aradan qaldırdı. Belə bir məqam da var idi ki, iştirakçı komandalar bölgəni təmsil etməlidir. Bu gün elan edə bilərik ki, Şirvan Olimpiya Kompleksi ilə müqavilə imzalandı. Fəaliyyətimizə “Difai-Şuşa” olaraq başlamışdıq. Amma hazırda Şuşada müvafiq struktur olmadığından oyunlarımızı Şirvanda keçirəcəyik”.