“Dostlar sadəcə olaraq, dost olduqları üçün heç də həmişə haqlı deyillər. Messi ilk növbədə bütün braziliyalılara qarşı hörmətsizlik etdi”.
“Report” xəbər verir ki, bunları Amerika Kubokunun qalibi olan Braziliya millisinin kapitanı Dani Alves “Bem Amigos” proqramında Lionel Messinin tənqidi fikirlərini şərh edərkən deyib. Yarışın ən yaxşı oyunçusu seçilən 36 yaşlı sağ cinah müdafiəçisinin fikrincə, sabiq komanda yoldaşının davranışı qəbuledilməzdir: “Mən hər zaman doğruları söyləyən dostam. Messi səhv danışır”.
Qeyd edək ki, Messi həm kapitanı olduğu Argentina yığmasının yarımfinalda Braziliya millisinə uduzduğu (0:2), həm də 3-cü yer uğrunda oyunda Çilini məğlub etdikləri (2:1) qarşılaşmada qırmızı vərəqə alandan sonra təşkilatçıları və hakimləri sərt tənqid edib.
Alves 2008–2016-cı illərdə “Barselona”da Messi ilə komanda yoldaşı olub.