"Hazırda məni futbol yox, Qarabağ maraqlandırır. Cəbhə bölgəsində düşmənlə mübarizə aparırıq".
Bunu "Report"a açıqlamasında AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov deyib.
Hər gün cəbhədə baş verən hadisələri dayanmadan izlədiyini söyləyən 85 yaşlı keçmiş funksioner vaxtilə Ermənistanda çoxlu azərbaycanlının yaşadığını xatırladıb: "Hələ heç bir televiziya kanalından eşitmədim ki, 1946, 1956 və 1960-cı illərdə azərbaycanlıların sayı Yerevanda ermənilərdən çox idi. Həmin vaxt şəhərin mərkəzində stadion var idi, azərbaycanlılar orada daha çox yaşayırdı. Mən də hər il Ermənistanda olurdum. İllər ötdükcə vəziyyət pisləşirdi. Bakı erməniləri münaqişədən sonra Yerevana getmədilər. Hamısı Rusiya və Belarusa üz tutdular. Demək lazımdır ki, azərbaycanlılar Ermənistanda da çox olub".
İsmayılovun sözlərinə görə, Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından çıxmağa məcbur etmək lazımdır: "Biz münaqişədə qalib olmalıyıq, ondan sonra hər şey düzələcək. Bizim güclü dövlətimiz və Prezidentimiz var. Ona dəstək olmaq və kömək etmək lazımdır. Arzum budur ki, müharibədən alnıaçıq çıxaq, qələbə qazanaq. Yaşım çoxdur, ölə bilərəm. O günü görmək istəyirəm. Düşməni məcbur etməliyik ki, torpaqlarımızı qaytarsınlar".