Çempionlar Liqasında 1/8 finala son vəsiqələrin sahibi müəyyənləşir

Çempionlar Liqasında 1/8 finala son vəsiqələrin sahibi müəyyənləşir Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.
Futbol
9 Dekabr , 2020 07:30
Çempionlar Liqasında 1/8 finala son vəsiqələrin sahibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, A, B, C və D qruplarındakı matçlardan sonra 1/8 finala son 4 vəsiqənin sahibi müəyyənləşəcək.

A qrupunda İspaniya "Atletiko"si Avstriyada "Zaltsburq"la qarşılaşacaq. Növbəti mərhələ üçün qonaqlara heç-heçə də kifayət edəcək. Digər oyunda isə Almaniya "Bavariya"sı Rusiyanın "Lokomotiv" (Moskva) komandasını qəbul edəcək.

B qrupunda İtaliya "İnter"i evdə Ukraynanın "Şaxtyor" (Donetsk) klubu, İspaniya "Real Madrid"i isə Almaniyanın "Borussiya" (Mönxenqladbax) kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qrupda 4 komandadan hər birinin 1/8 finala adlamaq şansı davam edir.

C qrupunda ilk 2 yerin sahibi məlum olduğundan əsas mübarizə Avropa Liqasına vəsiqə uğrunda gedəcək.

D qrupunda isə İngiltərə "Liverpul"undan sonra növbəti mərhələyə yüksələcək digər komandanın adına "Ayaks" (Niderland) - "Atalanta" (İtaliya) görüşü aydınlıq gətirəcək.

H qrupunda isə təxirə salınmış PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) oyunu keçiriləcək. Ötən gün baş tutmalı olan qarşılaşma 4-cü hakim Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə yarımçıq dayandırılıb. Görüş bu gün Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam etdiriləcək. Qeyd edək ki, qarşılaşmanın hakimləri dəyişdirilib.

Bu qrupda Almaniya "Leyptsiq"i ilə PSJ 1/8 finala vəsiqə əldə edib. İngiltərənin "Mançester Yunayted" klubu isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.

9 dekabr

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

A qrupu

00:00. "Bavariya" (Almaniya) - "Lokomotiv" (Moskva, Rusiya)

00:00. "Zaltsburq" (Avstriya) - "Atletiko" (İspaniya)

Xal durumu: "Bavariya" - 13, "Atletiko" - 6, "Zaltsburq" - 4, "Lokomotiv" M - 3.

B qrupu

00:00. "İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

00:00. "Real Madrid" (İspaniya) - "Borussiya" (Mönxenqladbax, Almaniya)

Xal durumu: "Borussiya" M - 8, "Şaxtyor" D - 7, "Real Madrid" - 7, "İnter" - 5.

C qrupu

00:00. "Olimpiakos" (Yunanıstan) - "Portu" (Portuqaliya)

00:00. "Mançester Siti" (İngiltərə) - "Marsel" (Fransa)

Xal durumu: "Mançester Siti" - 13, "Portu" - 10, "Olimpiakos" - 3, "Marsel" - 3.

D qrupu

21:55. "Ayaks" (Niderland) - "Atalanta" (İtaliya)

21:55. "Midtüllan" (Danimarka) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Liverpul" - 12, "Atalanta"- 8, "Ayaks" - 7, "Midtüllan" - 1.

H qrupu

21:55. "PSJ" (Fransa) - "Başakşehir" (Türkiyə)

Xal durumu: "Leyptsiq" - 12, PSJ - 9, "Mançester Yunayted" - 9, "Başakşehir" - 3.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Çelsi", "Mançester Siti", "Liverpul", İspaniyanın "Sevilya", "Barselona", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund), "Leyptsiq", İtaliyanın "Yuventus", "Latsio", Portuqaliyanın "Portu" və Fransanın PSJ klubları 1/8 finala vəsiqə qazanıblar.

Son xəbərlər

Orphus sistemi