Bu gün Azərbaycan Premyer Liqasında III dövrəyə start veriləcək
- 01 fevral, 2020
- 05:54
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ikinci yarısına start veriləcək.
"Report"un məlumatına görə, III dövrənin ilk tur matçları iki günü əhatə edəcək.
XV turun birinci oyun günündə iki qarşılaşma keçiriləcək. Açılış matçında "Zirə" "Sabah"ı qəbul edəcək. Meydan sahibləri 14 turdan sonra 17 xalla 5-ci, qonaqlar isə 13 xalla 6-cı yerdə qərarlaşıb. Komandalar arasında birinci və ikinci dövrədəki görüşlərdə qalib müəyyənləşməyib - 1:1, 2:2.
Paytaxt təmsilçiləri Premyer Liqada 6 dəfə üz-üzə gəliblər. Bunların birində "Zirə", üçündə isə "Sabah" qələbə qazanıb. Topların fərqində də qonaqların üstünlüyü var - 9:7.
Günün digər oyununda "Neftçi" "Sumqayıt"la qarşılaşacaq. Paytaxt klubu 25 xalla ikinci, "gənclik şəhəri" təmsilçisi isə 18 xalla dördüncü yerdədir. Flaqman birinci dövrədə rəqibini 2:1, ikinci dövrədə isə 4:2 hesabı ilə üstələyib. Komandalar indiyədək çempionatda 30 dəfə qarşılaşıblar. 16 dəfə "Neftçi", 10 dəfə isə "Sumqayıt" meydanı 3 xalla tərk edib. Topların fərqində də paytaxt təmsilçisinin aşkar üstünlüyü var - 51:37.
Azərbaycan Premyer Liqası, XV tur
1 fevral (şənbə)
15:00. “Zirə” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu
17:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”
Qeyd edək ki, XV tura fevralın 2-də keçiriləcək "Səbail" - "Qarabağ" və "Qəbələ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.