Bakı. 1 mart. REPORT.AZ/ Fransa çempionatının XXVII turunda “Marsel” ilə ev oyununda zədələnən PSJ klubunun futbolçusu Neymarın sağalması 2,5 – 3 ay çəkəcək.
“Report” xəbər verir ki, bu barədə “Sky Sports”a açıqlamasında Braziliya millisinin həkimi Rodriqo Lasmar bildirib.
Beləliklə, forvardın martın 6-da İspaniyanın “Real Madrid” komandası ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçını buraxacağı dəqiqləşib. Paris təmsilçisi səfərdə keçirdiyi ilk görüşdə 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə “Marsel”i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona daha əvvəl baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulmuşdu.