BOS-un direktoru: "Yoluxma artmasa, AVRO-2020-də stadion dolacaq" - MÜSAHİBƏ

BOS-un direktoru: "Yoluxma artmasa, AVRO-2020-də stadion dolacaq" - MÜSAHİBƏ "Çox gözəl qərardır"
Futbol
8 Aprel , 2021 17:40
BOS-un direktoru: Yoluxma artmasa, AVRO-2020-də stadion dolacaq - MÜSAHİBƏ
Cavid Qarayev

Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayevin "Report"a müsahibəsi

- AVRO-2020-nin Bakıdakı oyunlarına azarkeşlərin buraxılması ilə bağlı qərar qəbul olundu. Əvvəlcə təəssüratlarınızı bilmək maraqlı olardı...

- Çox gözəl qərardır. Şəxsən mən şadam ki, belə qərar verildi. İndiki dövrdə stadiona tutumunun 50 faizi həcmində azarkeşin buraxılması böyük nailiyyətdir.

- İndiyədək açıqlanan statistikaya baxanda görünür ki, ən çox azarkeş Bakıda olacaq. Türkiyə millisi kimi komandanın buraya gələcəyini nəzərə alsaq, stadionun, demək olar ki, dolacağını düşünmək olar...

- Düz deyirsiniz, belə görünür. Amma əsas odur ki, problem olmasın. Yoluxma sayı artmasa, stadion icazə verilən tamaşaçı sayı qədər dolacaq.

- Belə hesab etmirsinizmi ki, bu, həm də riskli qərardır? Çünki indiyədək heç bir yarış məkanına, stadiona bu qədər azarkeşin girişinə icazə verilməyib...

- Bu sualı mənə deyil, Təşkilat Komitəsinə, Nazirlər Kabineti yanında Operativ Qərargaha verərdiniz.

- Yəni, bu qədər azarkeşi qəbul etmək sizə çətinlik yaratmayacaq?

- Biz stadionda hazırlıq işləri görərkən onu faizə bölmürük. Təmizlikdən tutmuş logistikaya qədər hər şeyə 100 faiz hazırlaşırıq. İnfrastruktur üçün fərqi yoxdur ki, azarkeş sayı nə qədər olacaq. Məsələn, elə şey olmur ki, səsləndirmə qurğusunun biri işləsin, digəri işləməsin.

- Tribunada azarkeş yeri hər oturacaqdan bir olmalıdır. Onların arasında sosial məsafəni göstərən işarə qoyulacaq?

- Bəli, bunun üzərində iş gedir. Təbii ki, orada müəyyən işarə olacaq.

- Oyunlardan öncə COVID-19-a qarşı hansı tədbirlər görüləcək?

- Nazirlər Kabineti yanında Operativ Qərargahın nə tələbi varsa, o da yerinə yetiriləcək.

- Bəs UEFA-nın tələbi nədən ibarətdir: Bu barədə seminar keçirilib, təşkilatçı şəhərlərə təlimatlar verilibmi?

- Belə bir görüş planda var idi. Amma pandemiya səbəbindən təxirə salındı. Gələcəkdə onlayn formatda iclas ola bilər. Təşkilat Komitəsi ilə isə daim müzakirə aparırıq.

- VAR sistemi ilə bağlı hansı işlər görülür?

- Bu məsələ də gündəmdədir. Amma sualı Yerli Təşkilat Komitəsinə ünvanlamaq daha münasib olardı.

- Nəzərə alaq ki, VAR sisteminin quraşdırılması, UEFA nümayəndələrinin gəlməsi və tanışlıqla bağlı vaxt çox az qalıb. Yəqin ki, bunu nəzərə alırsınız...

- Təbii ki, bunların hamısı olacaq. Hazırlıq işləri üçün vaxtımız var.

- Bu yaxınlarda stadionda xarı bülbül gülünün əkilməsi ilə bağlı məlumat paylaşmışdınız. Bunun həm də simvolik mənası var. Avropa çempionatının oyunları zamanı BOS-da Azərbaycanla bağlı hansı təbliğati işlər nəzərdə tuturub?

- Bilirsiniz ki, bu gülün vətəni Şuşadır. Bizim nümayəndələr oradan gətirib, stadion ərazisində əkiblər. Hazırlıq məsələsi Təşkilat Komitəsinin işidir. Təbliğatı da onlar aparır. Biz yalnız infrastruktur işinə baxırıq. Çalışırıq ki, heç bir problem yaşanmasın.

- Stadionda indiki görkəmindən fərqli, hansı yeniliklər gözlənilir?

- Keçid məntəqələri ilə bağlı yenilik olacaq. Əvvəllər çadırlar qurulurdu, indi isə keçid məntəqələri inşa olunur. Bu, rahatlığı təmin edəcək. Belə bir yeniliyi edirik ki, camaat, oradakı bələdçilər, təhlükəsizlik əməkdaşları da əziyyət çəkməsinlər. Bu, artıq sabit fundmental qurğudur. Yoxlanış binada aparılacaq.

- Stadion nə vaxt bağlanacaq?

- Oyunlardan təqribən 1 ay əvvəl, haradasa mayın ortalarında bağlanması planlaşdırılır. Həmin vaxt stadionu Təşkilat Komitəsinə təhvil verəcəyik.

- Belə çıxır ki, içəridəki bütün şirkətlər, o cümlədən, "CBC Sport" telekanalı və digərləri çıxarılacaq?

- Hamını çıxarmırıq. Təbii ki, "CBC Sport" tam olaraq, çıxarılmayacaq. Onların öz seçimlərindən də asılıdır. Əslində problem olmamalıdır. əvvəlki tədbirlərdən təcrübəmiz var.

- Divizion təmsilçilərindən "Sabah-2" və "Qarabağ-2" adətən ev oyunlarını BOS-un ehtiyat meydançasında keçirir. Amma Ağdam klubu bu gün rəqibini "ASCO Arena"da qəbul edir. Bunun sizinlə əlaqəsi yoxdur?

- Bizdə meydançalar Avropa çempionatı ilə əlaqədar təmirə bağlanılıb. Hazırlıq, renovasiya işləri gedir. İndi əl gəzdirməliyik ki, problem olmasın.

- İştirakçı yığmalar divizion matçlarının keçirildiyi meydandan istifadə edəcəklər?

- Xeyr, bundan hakimlər istifadə edəcəklər.

- Bəs həmin yığmaların özləri oyunlara harada hazırlaşacaq?

- Onlar Tofiq Bəhramov adına Respublika Stadionu, "Bakcell Arena" və "Dalğa Arena"da məşq edəcəklər.

Son xəbərlər

Orphus sistemi