Bakı. 1 noyabr. REPORT.AZ/ Argentinanın “Boka Xuniors” və “River Pleyt” komandaları tarixlərində ilk dəfə Libertadores Kubokunun finalında üz-üzə gələcəklər.
“Report” xəbər verir ki, bu, “Boka”nın Braziliyanın “Palmeyras” komandası ilə yarımfinal mərhələsinin cavab matçında 2:2 hesablı heç-heçə etməsindən sonra reallaşıb. Evdə keçirdiyi ilk oyunda 2 cavabsız qolla qalib gələn paytaxt klubu həlledici görüşə vəsiqə qazanıb.
“River Pleyt” isə daha əvvəl Braziliyanın “Qremio” komandasını mübarizədən kənarlaşdıraraq finala çıxıb.
Qalib iki görüşün nəticəsinə əsasən müəyyənləşəcək. İlk görüş noyabrın 7-də “River Pleyt”ə məxsus “Monumental” stadionunda, cavab qarşılaşması isə ayın 28-də “Bombonera”da keçiriləcək.
Qeyd edək ki, Buenos-Ayres təmsil edən “Boka Xuniors” və “River Pleyt” komandalarının oyunları prinsipiallığı ilə seçilir və dünyanın ən önəmli derbilərindən sayılır. 1913-cü ildən bəri bu komandalar arasında 246 rəsmi oyun baş tutub. Bunlardan 88-də “Boka”, 81-də “River Pleyt” qalib gəlib. 77 matçda heç-heçə qeydə alınıb. “Boka” 6, əzəli rəqibi isə 3 dəfə Libertadores Kubokunun qalibi olub.