Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının və “Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun “Report”a müsahibəsi:
- Ağır zədədən sonra, xüsusən də avrokubok matçlarında sizin üçün əvvəlki səviyyədə oynamaq bir qədər çətin idi. Ancaq son həftələrdə əvvəlki Bədavi Hüseynovu görməyə başlamışıq. Oyun praktikasının azlığı özünü biruzə verirdi?
- Uzun fasilədən sonra əvvəlki formamı qaytarmaq üçün vaxt lazım idi. Oyundan-oyuna inkişaf etməyə çalışıram. Fiziki formamı yaxşılaşdırmaq üçün daha çox məşq edirəm. Son vaxtlar özümü daha yaxşı hiss edirəm.
- “Qarabağ” Azərbaycan Premyer Liqasının sonuncu – XI turunda “Qəbələ”ni məğlub etdi. Komandanız indiyə qədər çempionat matçlarında bu rəqibə səfərdə 3 qol vura bilməmişdi. “Qəbələ”nin əvvəlki səviyyədə olmadığını demək olar?
- Bu oyunda da olduğu kimi, “Qəbələ” ilə bütün görüşlərimiz ağır olur. Xüsusən də evdə bizə qarşı yaxşı köklənirlər. Rəqibi yaxşı analiz etmişdik. Baş məşqçinin tapşırıqlarını sonadək yerinə yetirdik və bu da bəhrəsini verdi. “Qəbələ”ni əvvəlki kimi güclü və rəqabət aparan komanda hesab edirəm. Onlar yüksək yerlər uğrunda sona qədər döyüşəcəklər.
- Siz də çempionluq yolunda “Qarabağ”a əsas rəqib kimi, “Neftçi”ni görürsünüz?
- Fikrimcə, bu mövsüm rəqabət daha da çətinləşib. Komandalar, demək olar ki, eyni səviyyədədir və hər biri sürpriz edə bilər.
- İrəlidə yığmanın Millətlər Liqasında iki vacib oyunu var. Noyabrın 17-də Bakıda Farer adaları, 3 gün sonra isə Kosovo ilə səfər matçları barədə nə deyə bilərsiniz?
- Bəli, iki həlledici görüşümüz qalıb. Bu oyunların bizim üçün nə qədər vacib olduğunu hər kəs gözəl bilir. Bu komandaların hər birinə qarşı oynamışıq. Fikrimcə, hər ikisi gücümüzə uyğundur. Böyük istək və fədakarlıqla meydana çıxsaq, lazımi nəticəni əldə edəcəyik.
- Qrup lideri Kosovonu ötmək şansmızı necə qiymətləndirirsiniz?
- Hər şey özümüzdən asılıdır. İki oyunda qalib gəlsək, qrupdan çıxacağıq.