Bakı. 28 fevral. REPORT.AZ/ Futbol üzrə İspaniya Kubokunda ilk finalçı "Barselona" olub.
"Report"un məlumatına görə, Kataloniya təmsilçisi yarımfinalda "Real Madrid"i iki oyunun yekununda üstələyib.
Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçirilmiş cavab görüşündə qonaqlar qalib gəliblər - 3:0. Hesabı 50-ci dəqiqədə Luis Suares açıb. 69-cu dəqiqədə Rafael Varan topu öz qapısına göndərib. Matçda son nöqtəni isə 73-cü dəqiqədə penalti zərbəsi ilə Suares qoyub.
İlk görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün mərhələni "Barselona" adlayıb. Daha bir finalçı isə fevralın 28-də "Valensiya" və "Betis" arasında keçiriləcək yarımfinal mərhələsinin cavab görüşündən sonra müəyyənləşəcək. İlk oyunda 2:2 hesablı heç-heçə qeydə alınıb.