Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda "Nitra" stadionununda Slovakiyanın qonağı olacaq. Azərbaycan yığması meydana itki ilə çıxacaq. Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən Fərid Nəbiyevin koronavirus testi müsbət nəticələnib və yarımmüdafiəçi toplanışa qatıla bilməyib.
Azərbaycan komandası 2-ci qrupda 7 oyundan sonra 6 xalla 4-cü, Slovakiya isə 6 oyundan sonra 6 xalla 5-ci pillədə qərarlaşıb. Komandalar arasında Bakıdakı matçda Azərbaycan yığması qələbə qazanmışdı - 2:1.
8 oktyabr
AVRO-2021, seçmə mərhələ
18:30. Slovakiya – Azərbaycan
Baş hakim: Kristoffer Hagenes (Norveç)
Nitra. "Nitra" stadionu
Qeyd edək ki, U-21 oktyabrın 13-də Qori şəhərində Gürcüstanın qonağı olacaq.