Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək.
"Report" xəbər verir ki, Ramin Quliyevin baş məşqçi olduğu komanda Norveç millisi ilə üz-üzə gələcək. Görüş Albaniyanın Luşnya şəhərindəki "Roza Haciu" stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 14:00-da başlanacaq qarşılaşmanı bosniya və herseqovinalı referi Admir Şehoviç idarə edəcək.
Saat 16:00-da isə Elbasandakı eyniadlı arenada Çexiya və Albaniya yığmaları görüşəcək.
Qeyd edək ki, 8-ci qrupda yer alan Azərbaycan millisi oktyabrın 26-da Çexiya, oktyabrın 29-da Albaniya ilə qarşılaşacaq.
Avropa çempionatı, VIII qrup
14:00. Azərbaycan - Norveç
Baş hakim: Admir Şehoviç (Bosniya və Herseqovina)
Baş hakimin köməkçiləri: Sreten Udoviçiç (Bosniya və Herseqovina), Elis Pulaj (Albaniya)
Dördüncü hakim: Florian Lata (Albaniya)
Luşnya, "Roza Haciu" stadionu