Millimiz ardıcıl üçüncü dəfə məğlub oldu - VİDEO

Millimiz ardıcıl üçüncü dəfə məğlub oldu - VİDEO Qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir
Futbol
30 Mart , 2021 21:52
Millimiz ardıcıl üçüncü dəfə məğlub oldu - VİDEO

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Portuqaliyaya qarşı ilk tur matçı ilə müqayisədə De Byazi bu dəfə start heyətində iki dəyişiklik edib. İtaliyalı mütəxəssis Vüqar Mustafayevin əvəzinə İsmayıl İbrahimliyə, Mahir Emrelinin yerinə isə Anatoli Nuriyevə "11-lik"də şans verib.

Matçda ilk təhlükəli epizodu qonaqlar yaradıblar. Künc nöqtəsindən ötürmə zamanı Aleksandar Mitroviçin baş zərbəsində dəqiqlik çatmayıb. Ardınca Əli Qurbaninin başla vurduğu top qapının üstündən keçib. 16-cı dəqiqədə isə serbiyalılar hesabı açıblar. Müdafiəçilərin ani diqqətsizliyindən istifadə edən Mitroviç yerlə uzaq küncü nişan alaraq, komandasını önə keçirib.

İlk yarıda meydan sahibləri bir real qol vəziyyəti yaradıblar. 31-ci dəqiqədə Qurbani 100 faizlik qol şansından yararlana bilməyib. Nuriyevin ötürməsindən sonra Predraq Raykoviçlə təkbətək qalan forvardın zərbəsini qapıçı zərərsizləşdirib. 37-ci dəqiqədə Mitroviç növbəti dəfə qola yaxın olsa da, zərbəsi qeyri-dəqiq alınıb. İlk hissə Serbiya yığmasının minimal üstünlüyü ilə başa çatdı.

İkinci hissədə daha yaxşı başlayan Azərbaycan millisi hesabı bərabərləşdirmək üçün əla şans qazansa da, Nuriyevin qüvvətli zərbəsinin qarşısını qolkiper alıb. 53-cü dəqiqədə Duşan Tadiçin cərimə meydançasının kənarından vurduğu topu Şahruddin Məhəmmədəliyev çətinlik çəkmədən tutub. 3 dəqiqə sonra isə Nuriyev növbəti dəfə diqqət mərkəzinə düşüb. Sağ cinahda bir müdəfiəçini keçən futbolçunun yerlə ötürməsinə Qurbani istədiyi kimi toxuna bilməyib.

59-cu dəqiqədə isə görüşdə ikinci qol vurulub. Özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib.

68-ci dəqiqədə iki dəyişikliyə əl atan De Byazi Qurbanini Ramil Şeydayevlə, Nuriyevi isə Mahir Emreli ilə əvəzləyib. 74-cü dəqiqədə Məhəmmədəliyev üzbəüz epizodda Mitroviçin fərqlənməsinə imkan verməyib. 79-cu dəqiqədə isə Emreli əzələsini dartaraq, əvəzlənib. Onun yerinə meydana girən Elvin Cəfərquliyev millidə debüt edən 250-ci futbolçu olub.

81-ci dəqiqədə isə Məhəmmədəliyev 27 yaşlı forvardın dubl etməsinə mane ola bilməyib.

Bu qələbədən sonra xalını 7-yə çatdıran Serbiya yığması liderliyini qoruyub. Xalı olmayan Azərbaycan millisi isə sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında İtaliyada Portuqaliya seçməsinə 0:1 hesabı ilə uduzub. Qətərlə yoldaşlıq xarakteri daşıyan görüş də yığmanın məğlubiyyəti ilə başa çatıb - 1:2.

21:38

DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçında 3-cü qol vurulub.

"Report"un məlumatına görə, 81-ci dəqiqədə Aleksandar Mitorviç dubl edərək, komandasını yenidən hesabda önə keçirib.

21:16

DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçında 2-ci qol vurulub.

"Report"un məlumatına görə, 59-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib - 1:1.

21:02

DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçında ikinci hissə start götürüb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra Canni De Byazinin başçılıq etdiyi kollektiv 0:1 hesabı ilə uduzur.

20:46

DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçında birinci hissəyə yekun vurulub.

"Report"un məlumatına görə, ilk yarıdan sonra Canni De Byazinin başçılıq etdiyi kollektiv 0:1 hesabı ilə uduzur.

Yeganə qolu 16-cı dəqiqədə qonaqların hücumçusu Aleksandar Mitroviç vuurb.

20:16

DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçında hesab açılıb.

"Report"un məlumatına görə, 16-cı dəqiqədə qonaqların hücumçusu Aleksandar Mitroviç komandasını önə çıxarıb.

20:00

Azərbaycan və Serbiya milli komandaları arasında DÇ-2022-nin seçmə mərhələsinin A qrupunun III tur matçı başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya seçməsi bu gün səfərdə Lüksemburqla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

FOTO: Ehtiram Jabiyev

Son xəbərlər

Orphus sistemi