Bakı. 22 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış "Qəbələ" - "Sumqayıt" matçının son dəqiqələrində iki insident baş verib.
"Report"un məlumatına görə, meydan sahiblərinin futbolçusu Baqali Dabonun vurduğu ilk qoldan sonra qonaq komandanın baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırılıb. Buna gənc mütəxəssisin qolun oyundankənar vəziyyətdən vurulduğunu bildirərək, hakimlərə sərt etiraz etməsi səbəb olub.
Dabonun 90-cı dəqiqədə vurduğu ikinci qoldan sonra isə "Qəbələ"nin sadiq fanatı Elvin Əliyev meydana girib. O, fransalı hücumçunu təbrik edib.
Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 2:0.