Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
"Report"un məlumatına görə, milli komandaların oyunları ilə bağlı yaranmış 20 günlük fasilə 2 qarşılaşma ilə başa çatacaq.
Günün ilk matçında "Neftçi" "Bakcell Arena"da "Sumqayıt"ı qəbul edəcək. İndiyədək çempionatda 31 dəfə üz-üzə gələn komandaların duelində "ağ-qaralar" 16, "gənclik şəhəri" təmsilçisi 10 qələbə qazanıb. 5 matçda qalib müəyyənləşməyib. Topların fərqi də flaqmanın xeyirinədir - 52:38.
Son 5 görüşdə hər iki komanda qol vurmağı bacarıb. “Neftçi” son üç qarşılaşmada rəqibinə uduzmayıb.
İlk turda flaqman evdə "Səbail"i 2:1 hesabı ilə yendiyi halda, "gənclik şəhəri" təmsilçisi öz meydanında "Keşlə"yə uduzub - 0:1.
Digər oyunda isə "Qarabağ" "ASK Arena"da "Keşlə"nin qonağı olacaq. Bu, komandaların Premyer Liqada 63-cü dueli olacaq. Bunadək keçirilən oyunlarda Ağdam klubunun aşkar üstünlüyü nəzərə çarpır. Azərbaycan çempionu 29 qələbəyə sevindiyi halda, paytaxt təmsilçisi 13 matçda meydanı 3 xalla tərk edib. 20 oyun isə heç-heçə başa çatıb. "Qarabağ"ın 70 qoluna rəqibi 40 qolla cavab verib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv son 7 oyunda meydanı qolsuz və xalsız tərk etməyib. “Keşlə” son üç ev oyununda quru hesabla uduzub.
"Qarabağ" ilk turda "Sabah"ı məğlubiyyətə uğradıb - 2:0.
11 sentyabr (cümə)
Azərbaycan Premyer Liqası
II tur
19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
AFFA nümayəndəsi: Asif Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. "Bakcell Arena"
21:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Ceyhun Haşımov
Bakı. "ASK Arena"
Qeyd edək ki, Premyer Liqada II turun digər oyunları sentyabrın 12-si və 13-də oynanılacaq. Müvafiq olaraq, "Səbail" evdə "Zirə"ni, "Sabah" isə "Qəbələ"ni sınağa çəkəcək.