Bakı. 11 sentyabr. REPORT.AZ/ "Bu oyundan qələbə gözləyirdik. Əlimizdən gələni etdik, lakin qalib gələ bilmədik".
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin kapitanı Kamran Ağayev UEFA Millətlər Liqasının II turunda səfərdə Malta yığması ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
32 yaşlı qapıçı bildirib ki, yığma ilk iki matçda heç-heçə etsə də, qrupdan çıxmaq şansını itirməyib: “Hələlik matçın analizi olmayıb. Oyuna baxılacaq, baş məşqçi fikir və iradlarını bildirəcək. Hələ heç nə itirilməyib. Çox işləyib növbəti görüşlərdə qələbə qazanacağımıza ümid edirəm. Şansımızın bitdiyini deməzdim. Sadəcə, daha xal itirmək olmaz. Nəsə əldə etmək istəyiriksə, qalib gəlməliyik”.
Ağayev maltalı futbolçuların ikinci hissədə vaxt uzatmağa çalışmalarına da münasibət bildirib: “Bütün idman növlərində bu cürdür. Zəif komanda belə edir. Problem özümüzdə oldu. Yəqin ki, göstərişləri lazımi şəkildə yerinə yetirmədik deyə nəticə belə oldu”.
Qeyd edək ki, D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi 2 xalla 3-cü pillədə qərarlaşıb. Kosovo 4 xalla 1-ci, Farer adaları 3 xalla 2-ci sıradadır. Sonuncu yerdəki Maltanın 1 xalı var.