Azərbaycan millisinin baş məşqçisi Çexiya ilə yoxlama oyunlarını dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi Çexiya ilə yoxlama oyunlarını dəyərləndirib Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov komandanın Çexiyadakı hazırlığı və yoxlama oyunlarını dəyərləndirib.
Futbol
24 Sentyabr , 2024 14:26
Azərbaycan millisinin baş məşqçisi Çexiya ilə yoxlama oyunlarını dəyərləndirib

Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov komandanın Çexiyadakı hazırlığını və keçirdiyi yoxlama oyunlarını dəyərləndirib.

Mütəxəssis “Report”a açıqlamasında çempionat başlamadığı üçün futzalçıların oyun praktikasından əziyyət çəkdiyini deyib.

O, xüsusən də ikinci yoldaşlıq oyununda komandanın fiziki cəhətdən problem yaşadığını vurğulayıb:

“Dörd gün Çexiyada qaldıq və iki oyun keçirdik. Futzalçıların oyun praktikası olmadığı üçün çətinlik çəkirdilər. Səfərə dörd gənc oyunçu aparmışdıq. Uşaqlardan razı qaldım. Bir qədər fiziki baxımdan çətinlik çəkdilər, bu da ikinci oyunun ikinci hissəsində özünü göstərdi. İlk matçda dözdülər, ikinci görüşün birinci hissəsində də yaxşı oynadılar, amma hiss olunurdu ki, gücümüz tükənir. Bu da yeni yığılan komanda üçün təbii haldır. Digər tapşırıqları isə yerinə yetirdilər. Düzdür, 5 gün ərzində bunların hamısını mənimsəmək asan deyil. Amma bəzi futzalçılar sistemi qavradılar”.

Baş məşqçi xüsusən də standart vəziyyətlərdə zəif olduqlarını söyləyib:

“İkinci oyunda standart vəziyyətdən 4 qol buraxdıq. Bu, ən zəif cəhətimizdir. Uşaqları günahlandırmaq da olmur, bunun üzərində işləmək lazımdır. Çexiya yığması haqqında onu deyə bilərəm ki, əvvəlki heyətdən 8 nəfər qalıb. Onların da 6 nəfəri ölkə çempionatda eyni komandada çıxış edirlər. Meydana çıxanda hiss olunurdu ki, təcrübələri var və bir-biriləri ilə yaxşı anlaşırlar. Həmçinin ucaboy və fiziki durumları yaxşı idi. Belə oyunçulara qarşı mübarizə aparmaq çətindir. Qol imkanlarından istifadə edə bilmədik. İkinci matçda çox top fərqi ilə uduzmalı deyildik. Çexiya ümumilikdə orta səviyyəli komandadır. Hətta bir neçə oyunçusu var ki, vaxtilə mənə qarşı oynayıblar”.

V.Borisov qarşıdakı planlardan da danışıb:

“Noyabrda Bosniya və Heresqovina ilə yoldaşlıq oyunu gözlənilir. Hələlik planda başqa nəsə yoxdur. Əlbəttə, komandada dəyişikliklər ola bilər. Çempionat başlayandan sonra oyunlara baxacağıq. Müəyyən səbəblərdən Çexiyaya apara bilmədiyimiz oyunçuları da izləyəcəyik".

Qeyd edək Azərbaycan millisi yoxlama oyunlarında Çexiyaya 0:3 və 2:6 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi