Azərbaycan millisi qalib gələ bilmədiyi komanda ilə uğursuz gündə qarşılaşır

Azərbaycan millisi qalib gələ bilmədiyi komanda ilə uğursuz gündə qarşılaşır AVRO-2024-ün seçmə mərhələsində İsveçlə qarşılaşacaq Azərbaycan millisi uğursuz gündə meydana çıxacaq.
Futbol
27 Mart , 2023 17:38
Azərbaycan millisi qalib gələ bilmədiyi komanda ilə uğursuz gündə qarşılaşır

AVRO-2024-ün seçmə mərhələsində İsveçlə qarşılaşacaq Azərbaycan millisi özü üçün uğursuz gündə meydana çıxacaq.

“Report”un məlumatına görə, yığma indiyə qədər martın 27-də keçirdiyi oyunların heç birində qələbə qazana bilməyib.

Komanda bunadək 3 dəfə bu tarixdə çıxış edib və hər üçü yoldaşlıq görüşünə təsadüf edib. 2002-ci ildə Tiranadakı matçda Albaniya seçməsi 1:0 hesablı qələbəyə sevinib. Həmin vaxt komandaya Kazbek Tuayev rəhbərlik edib.

2018-ci ildə Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə Türkiyənin Antalya şəhərində rəqib Şimali Makedoniya olub. 1:1 hesabı ilə yekunlaşan oyunda Azərbaycan millisinin heyətində Riçard Almeyda 6-cı dəqiqədə fərqlənib.

Qətərlə iki il əvvəlki görüş isə hazırkı baş məşqçi Canni De Byazinin dönəminə təsadüf edib. Macarıstandakı qarşılaşmada Ramil Şeydayev 16-cı dəqiqədə penaltidən hesabı açsa da, qətərlilər ikinci hissədə vurduqları qollar sayəsində 2:1 hesablı qələbə qazanıblar.

Azərbaycan millisi bugünkü rəqib İsveçlə isə iki dəfə üz-üzə gəlib. Bu, DÇ-2002-nin seçmə mərhələsində baş tutub. 2000-ci il sentyabrın 2-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda qonaqlar 1:0 hesablı qələbə qazanıblar. Seçmə mərhələnin son turunda – 2001-ci il oktyabrın 7-də komandalar bu dəfə Stokholmda qarşılaşıblar. Zlatan İbrahimoviçin rəsmi debüt etdiyi və ilk qolunu vurduğu matçda skandinaviyalılar 3:0 hesablı qalibiyyət əldə ediblər. Hər iki görüşdə Azərbaycan yığmasının sükanı arxasında İqor Ponomaryov olub.

Qeyd edək ki, bu gün Stokholmdakı “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi