Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki ilk oyunu keçiriləcək.
“Report” xəbər verir ki, əvvəlcə yarışın ötən mövsümdəki finalçısı “Qəbələ” Premyer Liqanın debütantı “Sabah”ı qəbul edəcək. Bu komandalar cari çempionatda eyni – 17 xala malikdirlər və 4-5-ci pillələri bölüşürlər. Rəqiblər ilk iki dövrədə evdə bir-birləri ilə görüşdə qələbə qazanıblar. “Qırmızı-qaralar” Qəbələdə 2:1 hesablı qalibiyyətə sevindikləri halda, “Sabah” tək qolla 3 xal əldə edib.
Günün digər oyununda çempion titulunun sahibi “Qarabağ” Azərbaycan Kubokunun sonuncu qalibi “Keşlə”ni qəbul edəcək. Bu komandaların Premyer Liqadakı sonuncu duelində ağdamlılar böyük hesabla qalib gəlib – 5:1. Əvvəlki qarşılaşmada isə 1:1-lik heç-heçə qeydə alınıb.
“Qarabağ” çempionatda 30 xalla 2-ci, “Keşlə” isə 12 xalla 7-ci sıradadır.
Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
16 dekabr (bazar)
14:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Eldar Qasımov
Qəbələ şəhər stadionu
19:00. “Qarabağ” – “Keşlə”
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu