Azərbaycan millisi Kipri bu dəfə məğlub edə bilmədi

Azərbaycan millisi Kipri bu dəfə məğlub edə bilmədi UEFA Millətlər Liqasının IV turunun Azərbaycan - Kipr matçı start götürüb.
Futbol
13 Oktyabr , 2020 21:50
Azərbaycan millisi Kipri bu dəfə məğlub edə bilmədi

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında IV tur matçına çıxıb. "Report"un məlumatına görə, Albaniyanın Elbasan şəhər stadionunda keçirilmiş görüşdə rəqib Kipr olub. Görüş qolsuz yekunlaşıb.

Ötən tur səfərdə Monteneqroya 0:2 hesabı ilə uduzduğu görüşlə müqayisədə baş məşqçi Canni De Byazi start heyətdə 6 dəyişiklik edib. Vüqar Mustafayev Abbas Hüseynov, Anton Krivotsyuk və Bəhlul Mustafazadə müdafiədə, Qara Qarayev yarımmüdafiədə, Rəhim Sadıxov isə hücum xəttində qalıb. İkinci buraxılan qolda səhvə yol vermiş qapıçı Emil Balayev Şahruddin Məhəmmədəliyevlə, müdafiənin mərkəzində cəzalı Bədavi Hüseynov Elvin Bədəlovla əvəzlənib. Abbas Hüseynov bu dəfə müdafiənin solunda yox, sağda zədəli Maksim Medvedevin yerində qərarlaşıb. Əvəzində yarımmüdafiənin solunda bu dəfə Azər Salahlı ilk dəqiqələrdən meydanda olub. Dayaq yarımmüdafiəçisi mövqeyində Qara Qarayevin yanında Elvin Camalov yox, Vüqar Mustafayev çıxış edib. Rəhim Sadıxov və millidə debüt edən İsmayıl İbrahimli isə Əli Qurbanini əvəzləmiş mərkəz hücumçusu Ramil Şeydayevə dəstək verib. İbrahimli start heyətdə Namik Ələskərovun yerini tutub.

Görüş Kipr millisinin hücumları ilə başlayıb. Lakin rəqibin hücumları elə də effektli olmayıb. Əvəzində Azərbaycan yığması 17-ci dəqiqədə real qol imkanı yaradıb. Şeydayevin zərbəsini rəqib qapıçı Demetris Demetriu ustalıqla dəf edib. Bundan 4 dəqiqə sonra Demetriu Sadıxova fərqlənmək imkanı verməyib. 25-ci dəqiqədə isə Şeydayev penalti qazanıb. Lakin kapitan Qara Qarayev bu imkandan da yararlana bilməyib. Onun zərbəsini yenə qapıçı qaytarıb. Demetriu 38-ci dəqiqədə də Şeydayevin qarşısını kəsib.

İkinci hissədə Azərbaycan millisinin qol imkanı daha az olub. Ən real qol imkanı isə 78-ci dəqiqədə yaradılıb. Şeydayev qapıçı ilə təkbətək qalsa da, ötürmə verməyi üstün tutub. Amma Coşqun Diniyevin zərbəsi qapıdan yan keçib. 57-ci dəqiqədən İsmayıl İbrahimlinin əvəzinə meydanda olan Diniyevdən əlavə, həmin vaxt Azər Salahlını əvəzləmiş Namik Ələskərov, 71-ci dəqiqədə Rəhim Sadıxovla Vüqar Mustafazadənin yerinə meydana daxil olmuş Rəhman Hacıyevlə Amin Seydiyev, həmçinin 81-ci dəqiqədə Ramil Şeydayevi əvəzləmiş Əli Qurbani də qələbəyə kömək edə bilməyiblər.

Beləliklə, bu nəticədən sonra xalını 4-ə çatdıran Azərbaycan millisi 3-cü pillədə qalıb. İlk xalını qazanan Kipr isə sonuncudur. Bu gün Monteneqro Lüksemburqa qalib gəlsə, Azərbaycan yığması qrup liderliyi və mərhələ şansını itirəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupda yeganə qələbəsini II turda səfərdə Kipr üzərində qazanıb.

21:50

UEFA Millətlər Liqasının IV turunda keçirilən Azərbaycan - Kipr matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, birinci yarıda qapılara qol vurulmayıb.

27-ci dəqiqədə Azərbaycan millisinin kapitanı Qara Qarayev penaltini yerinə yetirə bilməyib.

21:01

UEFA Millətlər Liqasının IV turunda keçirilən Azərbaycan - Kipr matçında ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, birinci yarıda qapılara qol vurulmayıb.

27-ci dəqiqədə Azərbaycan millisinin kapitanı Qara Qarayev penaltini yerinə yetirə bilməyib.

20:00

UEFA Millətlər Liqasının IV turunun Azərbaycan - Kipr matçı start götürüb.

"Report"un məlumatına görə, Albaniyanın Elbasan şəhər stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda ilk turda Bakıda Lüksemburq seçməsinə 1:2 hesabı ilə uduzub, daha sonra Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edib. Yığma üçüncü turda Monteneqroya məğlub olub - 0:2.

Kipr isə keçirdiyi 3 oyunun hamısında meydanı məğlub tərk edib.

Son xəbərlər

Orphus sistemi