Klub rəhbərliyi ilə mütəmadi əlaqə saxlanılır, Əsasnamənin tələblərini pozmadan müəyyən kömək göstərilirdi.
Bunu “Report”a açıqlamasında Azərbaycan Futzal Federasiyasının (AFF) mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov "Record club"un Yüksək Liqadan kənarlaşdırılması ilə bağlı danışarkən deyib.
O, komandanın mövsümə yaxşı start verdiyini xatırladıb: "Onların mükafatlara iddialı komandalarla oyunları kifayət qədər gərgin keçirdi, digərləri ilə matçlarda isə xallar qazanırdılar. Sona yaxın rəhbərlik futzalçı baxımından korluq çəkdiklərini, heyətdə olanlarla ancaq böyükhesablı məğlubiyyətləri sıraladıqlarını əsas gətirərək, oynamaq istəmədiklərini bildirdilər".
“Yüksək Liqanın Əsasnaməsinə uyğun olaraq, bir komanda mövsüm ərzində təqvimin 3 oyununda iştirak etməzsə və bu üzrsüz səbəbdən baş verərsə, İntizam Komitəsinin qərarı ilə yarışlardan kənarlaşdırılır. “Record club” cari mövsümdə martın 7-də “Baku Fire”, aprelin 7-də “Neftçi” İK və aprelin 21-də “Araz-Naxçıvan”la matçlarda təyin olun vaxtda meydana çıxmayıb. Buna uyğun olaraq da “Record club”a 0:5 hesablı texniki məğlubiyyətlər verilib. Sona 1 tur qalmış isə çempionatdan kənarlaşdırılıb", - deyə AFF rəsmisi bildirib.