Azər Bağırov: "Arsen Venger kimi mütəxəssislə fikir mübadiləsi məşqçilər üçün olduqca dəyərlidir"
- 28 oktyabr, 2026
- 11:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Arsen Venger kimi futbol eksperti ilə fikir mübadiləsi aparmaq məşqçilər üçün böyük əhəmiyyət daşıyır.
Bu barədə "Report"a "Şamaxı" komandasının baş məşqçisi Azər Bağırov açıqlama verib.
42 yaşlı mütəxəssis FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin iştirakı ilə Bakıda təşkil edilən "ustad dərsi" ilə bağlı düşüncələrini paylaşıb:
"Ümumi olaraq çox yaxşı görüş keçdi. Zəngin karyeraya malik belə bir mütəxəssislə fikir mübadiləsi müsbət enerji aşıladı. Bu cür peşəkar insanla təcrübə paylaşmaq biz məşqçilər üçün son dərəcə vacibdir. Belə görüşlərin daha tez-tez baş tutması böyük əhəmiyyət daşıyır. Təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də bu cür seminarların təşkili futbolumuzun inkişafı baxımından daha faydalı olar".
A.Bağırov FIFA U-15 dünya çempionatı və festivalı üçün Azərbaycana gələn Arsen Vengerin müxtəlif mövzulara toxunduğunu qeyd edib:
"Müzakirə olunan mövzular məşqçilik meyarları və xüsusilə seleksiya ilə bağlı məsələlər idi. Bir məşqçinin fəaliyyətində seleksiyanın nə dərəcədə əhəmiyyətli olduğu diqqətə çatdırıldı. "Arsenal" klubunda uzun illər ərzində skaut şöbəsinin nə qədər effektli fəaliyyət göstərməsi buna sübut olaraq nümunə gətirildi. Maraq doğuran sual-cavablar oldu. Arsen Venger karyerası haqqında danışdı, məşqçinin zirvəyə yüksəlməsi ilə bağlı fikirlərini bölüşdü. Ümumilikdə çox maraqlı bir görüş keçirildi".
Xatırladaq ki, AFFA-nın dəstəyi ilə FIFA tərəfindən keçirilən tədbirdə Misli Premyer Liqası klublarının və milli komandaların baş məşqçiləri, köməkçi məşqçilər, eləcə də AFFA nümayəndələri iştirak ediblər.