"Yaxşı oynadıq, son anda qol buraxmağımız bizi üzdü. Bizi sevindirən çox məqam var. Əzmkar çıxışımızı vurğulayıram. Aydın Bayramovun çıxışını xüsusi vurğulayıram. O, əsas heyətə layiqdir".
"Report"un məlumatına görə, bunları "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, ötən mövsüm də çempionatda liderlik etdikləri vaxtlar olub. O, komandanın gücünü yavaş-yavaş artırdıqlarını söyləyib.
Abbasov Cavid İmamverdiyevi təcrübəsi və top saxlaması səbəbindən meydana buraxdığını vurğulayıb: "Cavidə vaxt lazımdır. Onun bizə kömək edəcəyinə inanıram. Hücum xəttində bir Əli Qurbanimiz var".
Baş məşqçi oyun zamanı İsmayıl İbrahimliyə qırmızı vərəqə göstərilməsinin vacibliyini söyləyib: "Eşitdiyimə görə, Hakimlər Komitəsinin sədri Frits Ştuxlik məşqçiləri daha çox müzakirə edir. Xətti tapdadığımızı qabardır. Amma hakimlərə də diqqət yetirməlidir. O epizodda qırmızı vərəqə göstərilməli idi".
Baş məşqçi Şimali Makedoniya "Şkendiya"sına rəqibin güclü olması səbəbindən uduzduqlarını söyləyib. O da Qurban Qurbanov kimi 1 xal qazandıqlarını vurğulayıb: "İki xal itirdiyimizi deməyək. Bu böyük-böyük danışmaq olardı".