"Bu, ilin ilk iclası idi, pandemiya ilə əlaqədar onlayn formatda keçirdik. Müxtəlif qonaqlar dəvət olunmuşdu. Onların arasında Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) rəhbər şəxsləri də var idi. İclasda 2020-ci ildə futbolda edilən dəyişikliklər və sonrakı planlar barədə danışıldı".
Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgorov Avropa Klublar Birliyinin (ECA) iclasında müzakirə olunan məsələlər barədə danışarkən deyib.
ECA-nın İşçi Qrupunun sədr müavini vəzifəsini də icra edən A.Əsgərov toplantıda videotəkrar (VAR) sistemindən də danışdıqlarını sözlərinə əlavə edib: "Son zamanlar futbolda aktual olan beyin silkələnməsi məsələsini də gündəmə gətirdik. Belə düşünülür ki, gələcəkdə beyin silkələnməsi halında komandalara əlavə dəyişiklik üçün icazə verilsin. İclasda əsasən, baş verə biləcək dəyişikliklər müzakirə edildi. 2021/2022 mövsümündən start götürəcək Konfrans Liqasının iştirakçı klublarına ayrılacaq vəsait hələ bəlli deyil. UEFA bu barədə qərar verməyib. Klublar çalışırlar ki, maksimum Avropa Liqası dəyərində turnir olsun. Bunun üçün də maliyyə məsələləri vacibdir. Hazırda Avropa futbol qurumu ilə danışıqlar gedir".
Əsgərovun sözlərinə görə, bütün klublar Konfrans Liqasına marağın çox olmasının tərəfdarıdır: "Böyük klublar da istəyirlər ki, maraq əvvəlki dönəmlərdə keçirilmiş və sonradan ləğv olunmuş yarışlardakı kimi olmasın. Məsələn, əvvəl İntertoto Kuboku keçirillirdi və sonradan ləğv edildi. Konfrans Liqasının aqibətinin bu cür olmasını istəmirlər. İstəyirlər ki, maksimum dərəcədə sponsorlar cəlb olunsun. Konfrans Liqası Avropa Liqası ilə eyni gündə başlayacaq. Çalışırlar ki, bu turniri də Avropa Liqası səviyyəsində keçirsinlər".
"Qarabağ" rəsmisi deyib ki, iclasda müzakirə edilən digər məsələ avrokuboklardakı səfər qolu ilə bağlıdır: "İFAB-ın nümayəndəsi də müzakirələ qoşuldu. Bir oyunda 1:1, digərində isə 0:0 olacağı təqdirdə, səfərdə qol vuran komanda növbəti mərhələyə vəsiqə qazanmış olur. Bu məsələ də müzakirə edildi ki, iki bərabərlik halında rəqib meydanda vurulmuş qol nəzərə alınmasın. Sonra əlavə 30 dəqiqə oynanılsa, bu, necə olacaq? Hazırda bu da müzakirə edilir ki, belə olacağı təqdirdə, hansısa komandanın haqqına giriləcəkmi? Bu kimi məsələləır müzakirə olunur. Burada bir nüans ortaya çıxdı ki, ikinci 90 dəqiqədən sonra əlavə vaxt var. Hər komanda öz evində 90 dəqiqə oynamış olur, əlavə 30 dəqiqə ikinci komandanın meydanında olsa, birincinin hüququ tapdalanmış olur. Yəni, bir klub rəqib meydanında 30 dəqiqə daha çox oynayır. Ev sahibinin 30 dəqiqə üstünlüyü olur və bu məsələ ona görə açıq qalır. İki bərabərlik olarsa, birbaşa penalti zərbələrinə də keçilə bilər. Detalları çox açıq demək istəmirəm, müzakirə edilən çox məsələ var".