İrlandiyanın "Şemrok Rovers" və Finlandiyanın "İlves" komandaları arasında keçirilmiş UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyununda yeni rekord qeydə alınıb.
"Report"un məlumatına görə, əsas və əlavə vaxt 2:2 hesablı bərabərliklə yekunlaşdığı üçün qalib penalti seriyasında bəlli olub.
Burada isə ümumilikdə 26 penalti vurulub. "Şemrok Rovers" 1-ci, rəqib isə 2-ci penaltini dəqiq yerinə yetirə bilməyib. İlk 5 zərbədən sonra qalib müəyyənləşməyib və seriya uzanıb. "İlves"dən Emeli Rayttinen 13-cü penaltini boşa verdiyi üçün komandası mübarizəni dayandırmalı olub. Beləliklə, İrlandiya təmsilçisi penalti seriyasında 12:11 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.
"Şemrok Rovers" istəyinə "Keşlə"ni penaltilər seriyasında üstələyən Albaniya "Laçi"si kimi azlıqda çatıb. Komandanın futbolçusu Liam Skales 88-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu səbəbdən, həmin komandanın penaltilərini cəmi 10 oyunçu vurmalı olub.
Meydan sahiblərindən Lauri Ala-Müllimiyaki matçda 3 penalti yerinə yetirib. O, 11-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən hesabı açıb, penalti seriyasında isə 1-ci və 11-ci zərbəni dəqiq yerinə yetirib.
Qeyd edək ki, bu, penalti seriyasında avrokubuk tarixinin rekord göstəricisidir.
Daha əvvəl UEFA Kubokunun (hazırkı Avropa Liqası) II təsnifat mərhələsindəki "Start Kristiansand" (Norveç) - "Droheda Yunayted" (İrlandiya) matçında 22 penalti vurulub - 11:10.
Dünya rekordu isə 2005-ci ildə qeydə alınıb. Namibiya Kubokunda "KK Palas" və "Tsviks" komandaları arasında keçirilmiş görüşdə 48 penaltidən istifadə edilib.