AVRO-2020: Danimarka 1/8 finalda, Rusiya qrupda qaldı

AVRO-2020: Danimarka 1/8 finalda, Rusiya qrupda qaldı Futbol üzrə Avropa çempionatının B qrupunda mübarizəyə yekun vurulub.
Futbol
22 İyun , 2021 00:51
AVRO-2020: Danimarka 1/8 finalda, Rusiya qrupda qaldı

Futbol üzrə Avropa çempionatının B qrupunda mübarizəyə yekun vurulub.

"Report"un məlumatına görə, Bakı vaxtı ilə eyni saatda start götürən matçlarda Danimarka Rusiya ilə, Belçika isə Finlandiya ilə qarşılaşıb.

Kopenhagendəki "Parken" stadionunda baş tutan görüş danimarkalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu 38-ci dəqiqədə meydan sahiblərinin heyətində Mikkel Damsqor vurub. 59-cu dəqiqədə Yussuf Poulsen 2-ci topu rəqibin qapısından keçirib. 70-ci dəqiqədə Rusiya millisi Artyom Dzyubanın penaltidən vurduğu qolla fərqi minimuma endirib. Lakin cəmi 9 dəqiqə sonra Andreas Kristensen rusiyalıları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada son nöqtəni isə 82-ci dəqiqədə Yoakim Mehle qoyub.

Belçika seçməsi isə Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda Finlandiyanın qapısından 2 cavabsız qol keçirib. 74-cü dəqiqədə finlandiyalıların qapıçısı Lukaş Qradetski avtoqol müəllifi olub. 81-ci dəqiqədə isə Romelu Lukaku yekun hesabı müəyyənləşdirib - 2:0.

Bu nəticələrdən sonra qrupda Danimarka, Finlandiya və Rusiya 3 xala malik olsa da, birincilər daha yaxşı göstəriciyə malik olduğundan 1/8 finala vəsiqə qazanıb. Finlandiya 3-cü yeri tutub. Bu komanda pley-offa adlamaq üçün digər matçların nəticələrini gözləməlidir. Rusiya yığması isə sonuncu olaraq, qrupda qalıb.

1/8 finalda Belçika millisi A, D, E və ya F qrupunun üçüncüsü ilə qarşılaşacaq. Danimarkalılar isə növbəti raundda Uelsə rəqib olub. Bu cütün qalibi 1/4 final matçını Bakıda keçirəcək.

Qeyd edək ki, daha əvvəl İtaliya, Niderland, Uels və Avstriya yığmaları 1/8 finala çıxıblar.

Son xəbərlər

Orphus sistemi