AFFA UEFA-nın Pro kursunu müstəqil təşkil edə bilər

AFFA UEFA-nın Pro kursunu müstəqil təşkil edə bilər Aslan Kərimov: "Kursun məsuliyyəti ilk dəfə bizə həvalə ediləcək”
Futbol
15 Mart , 2018 14:39
AFFA UEFA-nın Pro kursunu müstəqil təşkil edə bilər

Baki. 15 mart. REPORT.AZ/ AFFA UEFA-nın Pro katerqoriyalı növbəti məşqçi kursunu müstəqil təşkil edə bilər.

Bu barədə “Report”a qurumun Məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov məlumat verib. O bildirib ki, növbəti Pro kursları 2019 və ya 2020-ci ilə təsadüf edəcək: “Artıq bu kurs müstəqil şəkildə bizim daxili instruktorlar sayəsində keçirilməlidir. Yəni, bu zaman qiymətləndirməni müstəqil şəkildə özümüz aparacağıq. Ola bilər ki, tərəfimizdən hansısa məsələ ilə bağlı əcnəbi təlimçi dəvət edək. Lakin bütövlükdə kursun məsuliyyəti ilk dəfə olaraq bizə həvalə ediləcək”.

A.Kərimov AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarında əcnəbi mütəxəssislərin iştirakının bu prosesdən kənar qalan yerlilər tərəfindən etirazla qarşılanmasına da münasibət bildirib. O deyib ki, bu məsələdə federasiyanın mənafeyi nəzərə alınır: “Bununla bağlı bir məlumat verə bilmirəm. İştirakçıların götürülməsi federasiyanın mənafeyi ilə bağlı məsələdir. Milli komandanda çalışan məşqçilər pioritet hesab olunur. Kimsə yığmada işləyirsə, onu götürmək məcburiyyətindəyik. Bu, şəxsi fikrimdir. Digər tərəfdən, Pro kursuna götürülən məşqçilərin siyahısını biz müəyyənləşdirmirik. Biz potensialı olan iştirakçıları müəyyənləşdiririk. Federasiyanın da öz mənafeləri var. Yenə deyirəm, millinin məşqçisi pioritetdir”.

Maarifləndirmə üzrə direktor yekunlaşmaq üzrə olan kursun iştirakçı-məşqçilərin səviyyəsinin əvvəlki illərlə müqayisədə yüksək olduğunu vurğulayıb: “Mayda imtahan olacaq. Hazırda kursda iştirak edən məşqçilərdən heç birini bilik və bacarıqlarına görə fərqləndirmək istəməzdim. Fərqli səviyyədə olan məşqçilər var. Bu, AFFA-nın təşkilatçılığı ilə olan üçüncü Pro kursudur. Xarici mütəxəssislərin bildirdiyinə və öz müşahidələrimə görə, yerlə-göy qədər artım hiss olunur. İndiki iştirkaçıların xarici klublarda təcrübə keçməsindən sonra təqdimatları oldu. Bildiyiniz kimi, onlar “Atletiko”, “Roma”, “Çelsi” kimi klublara təcrübəyə getmişdilər. Həmin təcrübənin təqdimatı həddindən artıq yüksək səviyyədə idi. Lakin bir-birindən fərqləndirmək istəməzdim”.

Qeyd edək ki, Pro kateqoriyalı məşqçi kursunda 11 nəfər - "Sumqayıt” komandasının baş məşqçisi Samir Abasov, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd, "Qarabağ” komandasının məşqçisi Elçin Rəhmanov, Ağdam təmsilçisinin kapitanı, 20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Zaur Həşimov, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramin Quliyev, "Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennett, “Xəzər” komandasının baş məşqçisi Elşad Əhmədov, eləcə də Mahmud Qurbanov, Siyasət Əsgərov və Baba Əsgərov iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi