AFFA-nın baş katibi: "Qarabağ"ın qrup mərhələsində oynaması çempionatımızdakı sağlam rəqabətin nəticəsidir"

Futbol
  • 24 iyul, 2018
  • 09:20
AFFA-nın baş katibi: Qarabağın qrup mərhələsində oynaması çempionatımızdakı sağlam rəqabətin nəticəsidir
Report/ Elchin Murad

Bakı. 24 iyul. REPORT.AZ/ “Qarabağ” Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsində oynaması çempionatımızdakı sağlam rəqabətin nəticəsidir. Gəlin, bu ümidlə yaşayaq ki, Ağdam klubu bizi yenidən sevindirəcək”.

“Report”un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O, bildirib ki, Azərbaycan Premyer Liqasında 8 klub mübarizə aparsa da, bu, yerli komandaların avrokubokdakı çıxışına ciddi əngəl törətmir: “Axı “Qarabağ” başqa çempionatda oynamır?! 7 klubla mübarizə apararaq, qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanır. Əslində Avroliqanın qrup mərhələsində oynamaq belə, Azərbaycan futbolu üçün böyük uğurdur”.

Baş katibin sözlərinə görə, bir müddət keçdikdən sonra əvvəlki vəziyyət bərpa olunacaq, sponsorların, yerli icra hakimiyyətlərinin marağı yenə artacaq və futbola müvafiq qaydada maliyyə investisiyası qoyulacaq: “Düşünür, təhlil aparır, digər ölkələrin təcrübələrinə baxırıq. Əslində böyük futbol ölkələrində də belə problemlər olub. Mən onlarla müqayisə aparmaq istəmirəm. Amma təcrübəyə nəzər yetirsək, Şərqi Avropanın bəzi ölkələrində də əvvəllər belə problem olub. Böyük futbol ölkələrindən İspaniyada da 1990-cı illərdə klublara dövlət dotasiya ayırıb, dəstək verib. Biz yaxın keçmişədək hər birinin öz sponsoru olan 12 klubdan ibarət çempionat keçirmişik. Amma bəzi hallarda onların büdcələrində süni şəkildə artım var idi. Keyfiyyət isə bugünkü kimi deyildi. Lakin hazırda keyfiyyətə daha çox üstünlük veririk. Məncə, bununla bağlı bir qədər səbirli olmalıyıq. Təbii ki, bir müddət keçdikdən sonra əvvəlki vəziyyət bərpa olunacaq, sponsorların, yerli icra hakimiyyətlərinin marağı yenə artacaq və futbola müvafiq qaydada maliyyə investisiyası qoyulacaq”.