UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə 3 matç keçirilib. Qarşılaşmalardan 2-də heç-heçə, 1-də darmadağın qeydə alınıb.
"Qarabağ"ı III təsnifat mərhələsində mübarizədən kənarlaşdırmış Norveç "Molde"si Macarıstanda "Ferentsvaroş"un qonağı olub. Görüş qolsuz bərabərliklə yekunlaşıb. İlk matçda səfərdə 3:3 hesablı heç-heçə etdiyindən, Budapeşt komandası Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. "Molde" isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
Daha bir qolsuz heç-heçə Kiprdə "Omoniya" ilə Yunanıstan "Olimpiakos"u arasındakı qarşılaşmanın yekununda baş verib. İlk matçda 2:0 hesablı qələbə qazandığı üçün "Olimpiakos" Çempionlar Liqasının qrup mərhələsinə adlayıb. "Omoniya" isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.
Ukrayna "Dinamo"su Belçikada 2:1 hesabı ilə yendiyi "Gent"ə Kiyevdə böyük hesabla qalib gəlib - 3:0. Bununla da "Dinamo" yoluna Çempionlar Liqasının, "Gent" isə Avropa Liqasının qrup mərhələsində davam edəcək.
29 sentyabr
Çempionlar Liqası, pley-off mərhələsi
Cavab görüşləri
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Gent" (Belçika) - 3:0
Qollar: Vitali Buyalski, 9. Karlos De Pena, 36 (pen.). Jerson Rodrigeş, 49 (pen.)
İlk oyun - 2:1
23:00. "Omoniya" (Kipr) - "Olimpiakos" (Yunanıstan) - 0:0
İlk oyun - 0:2
23:00. "Ferentsvaroş" (Macarıstan) - "Molde" (Norveç) - 0:0
İlk oyun - 3:3
Qeyd edək ki, qalan 3 cavab görüşü bu gün keçiriləcək.