Vitali Mutko: "Azərbaycanın dəstəyi bizim üçün çox vacibdir" - VİDEO

Vitali Mutko: "Azərbaycanın dəstəyi bizim üçün çox vacibdir" - VİDEO "İdmançılarımızın ünvanına sübutsuz ittihamlar səslənir"
Fərdi
2 Mart , 2018 10:39
Vitali Mutko: Azərbaycanın dəstəyi bizim üçün çox vacibdir - VİDEO

Bakı. 2 mart. REPORT.AZ/ "Əlbəttə, Azərbaycanın dəstəyi bizim üçün çox vacibdir. Azərbaycanlı həmkarlarımızla – Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə yaxşı münasibətlərimiz var”.

“Report” xəbər verir ki, bunu “Moskva-Baku”ya açıqlamasında Rusiyanın baş nazirinin idman, turizm və gənclər siyasəti üzrə müavini Vitali Mutko deyib. O, bildirib ki, azərbaycanlı həmkarlarının sanksiyalarla üzləşən rusiyalı idmançılara dəstəyi çox vacibdir: “Rusiyanın, idmançılarımızın ünvanına sübutsuz ittihamlar səslənir. Bu, hər kəsin başına gələ bilər. Əsas odur ki, idman dünyası siyasiləşmədən uzaqlaşmalıdır. Bütün ölkələrə eyni münasibət olmalıdır. Azərbaycanlı həmkarlarımızın qanunsuz kənarlaşdırılan, kollektiv məsuliyyət prinsipi tətbiq olunan idmançılarımızı dəstəkləməsi çox vacibdir”.

Nazir idman sahəsində Azərbaycanda görülən işlərdən də söz açıb. V.Mutko deyib ki, Azərbaycanın hər zaman dominantlıq etdiyi idman növləri var: "Azərbaycanda, eləcə də “Bakı 2015” I Avropa Oyunlarında olmuşam və deyə bilərəm ki, azərbaycanlı həmkarlarımız çox iş görüblər. Ümumiyyətlə, son illər Bakı və Azərbaycanda müsbət mənada ciddi dəyişikliklər olub. Çoxlu sayda idman obyekti inşa edilib. Azərbaycan onlarla idman növündə önəmli mövqe tutur. Çünki ciddi və davamlı işləyirlər. Azərbaycanın hər zaman dominantlıq etdiyi idman növləri var. Əminəm ki, bu cür də davam edəcəklər. Bir daha təkrar edirəm ki, bizim Azərbaycanla çox yaxşı əlaqələrimiz, əla münasibətlərimiz var və bunu davam etdirəcəyik. Azərbaycanlı həmkarlarımıza uğurlar arzulayıram”.

Qeyd edək ki, Rusiya idmançılarının bir çoxuna dopinqdən istifadəyə görə sanksiya tətbiq olunub. Bu ölkənin idmançıları 9 – 25 fevralda Cənubi Koreyanın Pxençxan şəhərində keçirilmiş XXIII Qış Olimpiya Oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxış etmək məcburiyyətində qalıblar.

Son xəbərlər

Orphus sistemi