Velosiped üzrə dünya çempionatının ulduz elçisi Bakıya gəlib

Velosiped üzrə dünya çempionatının ulduz elçisi Bakıya gəlib Bakı. 13 mart. REPORT.AZ/ Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə əlaqədar yarışın ulduz elçisi Tvan van Gendt Azərbaycana gəlib.
Fərdi
13 Mart , 2018 15:31
Velosiped üzrə dünya çempionatının ulduz elçisi Bakıya gəlib

Bakı. 13 mart. REPORT.AZ/ Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə əlaqədar yarışın ulduz elçisi Tvan van Gendt Azərbaycana gəlib.

“Report”un məlumatına görə, səfərin əsas məqsədi həm yarış trekini sınaqdan keçirmək, həm də dünya çempionatı ilə bağlı dəstək aksiyasında iştirak etməkdir.

Bakı 2015” I Avropa Oyunlarının BMX yarışlarında gümüş medal qazanan hollandiyalı velosipedçi Azərbaycanın paytaxtını özü üçün uğurlu şəhər hesab etdiyini deyib: “Avropa Oyunlarında qazandığım gümüş medal mənim üçün çox dəyərlidir. Əslində həmin vaxt "qızıl" qazanmamağım fiziki yox, psixoloji hazırlıqla bağlı idi. Daha sonra Avropa çempionu və Dünya Kubokunun qalibi adını da qazandım. Ümid edirəm ki, builki dünya çempionatında da yüksək nəticə göstərə bilərəm”.

Yarış trasında məşq yürüşləri həyata keçirən ulduz elçinin sözlərinə görə, hazırda BMX Treki 2015-ci illə müqayisədə xeyli fərqlənir və yenidənqurma işlərindən sonra texniki cəhətdən daha maraqlıdır: “Bakı, həqiqətən, çox gözəldir. Yeməklərinizə isə söz ola bilməz. Bu gözəl şəhərdə keçiriləcək dünya çempionatının təbliğatı üçün əlimdən nə gəlirsə, etməyə çalışacağam. Öz şanslarıma gəlincə, düşünürəm ki, rəqabət kifayət qədər ciddi olacaq. Təkcə Hollandiya yığma komandasının heyətində kifayət qədər səviyyəli idmançılar var”.

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəvəti ilə Bakıda olan Tvan van Gendt sınaq yürüşlərindən başqa, bir neçə tanıtım videoçarxının çəkilişlərində iştirak etməklə yanaşı, yeniyetmə və gənc velosipedçilər üçün seminar da təşkil edəcək.

Bakıda BMX idmanı üzrə dünya çempionatı 5 - 9 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi