Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib.
"Report" xəbər verir ki, idman tədbirinin keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək və insanlar arasında bu idman növlərinə marağı artırmaqdır.
2 gün davam edəcək yarışa öncədən qeydiyyatdan keçən, böyük və uşaqlardan ibarət 12 kateqoriya üzrə 50-dən çox həvəskar xizəkçi qatılıb.
Yarışın 1-ci günündə 3 böyük yaş kateqoriyası üzrə kişi və qadınlardan ibarət xizəkçilər “Slalom Gigant” növü üzrə mübarizə aparıblar.
Yarışın ilk günündə nəticələr aşağıdakı kimi olub.
Veteran kişilər arasında:
1. Daniel Makkenel (BƏƏ)
2. Artur Sionek (Polşa)
3. Pavel Kerzanovski (Polşa)
Gənclər arasında:
1. Viktor Sionek (Polşa)
2. Elbrus Əzizov
3. Ramin Beybutov
Veteran qadınlar arasında:
1. Tatyana Yeqanova (Rusiya)
2. Anna Vəliyeva
3. Daria Bivol
Kişilər arasında “Ustad xizəkçi” kateqoriyası üzrə:
1. Nəsir Fərhadov
2. Ramiz Ağayev
3. Murad Aydınov
Qadınlar arasında “Ustad xizəkçi” kateqoriyası üzrə:
1. Nəzrin Qəribova
2. Şəbnəm Hümbətova
Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Milli Olimpiya Komitəsi tərəfindən Azərbaycanın tanınmış idmançılarının iştirakı ilə medallar və diplomlarla təltif olunublar, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.
İdman tədbiri çərçivəsində, həmçinin fləşmob da keçirilib. Fləşmobda 160 turizm könüllüsü tərəfindən pankartlarla Ümummilli lider Heydər Əliyevin şəkli əks olunan görüntü və “Heydər Əliyev 100 il” yazısı nümayiş olunub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Olimpiya Komitəsinin nümayəndələri və bir sıra tanınmış idmançılar qonaq qismində iştirak ediblər.
İdman tədbiri fevralın 19-da uşaqlar arasında 3 yaş kateqoriyası üzrə olmaqla davam etdiriləcək.