Ümumdünya Şahmat Olimpiadasında "Top-divizion"un oyunları davam edir.
"Report"un məlumatına görə, B qrupunda mübarizə aparan Azərbaycan millisi bu gün növbəti görüşlərini keçirəcək.
Komanda yarışın ikinci günündə Ukrayna, Slovakiya və Qazaxıstan yığmaları ilə üz-üzə gələcək. İlk gündə Niderland, Macarıstan və Cənubi Afrika Respublikası üzərində inamlı qələbə sayəsində 6 xalla öz qrupunda zirvəyə yüksələn yığma liderliyini qorumağa çalışacaq.
Bu qrupda həmçinin İspaniya, Norveç və Fransa milliləri də yer alıb.
Hər qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Turnir cədvəli
1. Azərbaycan - 6 xal
2. Ukrayna - 5 xal
3. Slovakiya - 4 xal
4. Macarıstan - 4 xal
5. Qazaxıstan - 3 xal
6. İspaniya - 3 xal
7. Fransa - 2 xal
8. Norveç - 2 xal
9. Niderland - 1 xal
10. CAR - 0 xal
Qeyd edək ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək.
Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.
Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.