Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında dairəvi stend atıcılığının qarışıq komanda növündə gümüş medal qazanmış Mikola Milçevlə İrina Maloviçka müsahibə verib.
- Sizi Azərbaycanda görməkdən məmnunuq. Siz də kifayət qədər xoşbəxt görünürsünüz.
- M.M.: Azərbaycana ilk səfərimiz deyil. Bir neçə dəfə burada olmuşuq. Və deyim ki, hər dəfə böyük məmnunluq hissi ilə buraya gəlirik.
- Dünya çempionatı ilə bağlı təəssüratlarınız necədir?
- M.M.: İndiyə qədər bir çox dünya çempionatlarında iştirak etmişəm. Açıq deyim, heç yerdə bu cür təşkilatçılıq görməmişəm. Bu, əksər ölkələr üçün əsl nümunədir. Bakıda hər şey fenomenal təşkil olunub. Təşkilatçılara xüsusi minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, yarışlar başladığı kimi də başa çatacaq.
- Tribunalarda sizi xeyli sayda azərbaycanlı dəstəkləyirdi. Bu, sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- İ.M.: Açığı, atışa başlayanda tribunalardan bu cür dəstək görəcəyimizi gözləmirdim. Yarışın gedişində azarkeşlərin səsini eşitməyə başladıq. Bu cür dəstək bizə əlavə motivasiya və özünəəminlik verdi. Hər birinə təşəkkür edirəm.
- Yarışın əvvəlində atışlarınız dəqiq idi, hətta 3 qat olimpiya çempionu olan rəqibiniz Vinsent Hankoku üstələyirdiniz. Sona yaxın büdrəməyinizə nə səbəb oldu?
- M.M.: Belədir, bəzən alınır, bəzən də yox. Bir çox faktorlar səbəb ola bilər. Mübarizə indi başa çatıb. İsti başla nəsə demək çətindir. İmkan olan kimi təhlil edib, harda səhvə yol verdiyimizi müəyyənləşdirəcəyik. Bəlkə də “qızıl”ı daha çox istəməyimiz bizi “yandırdı”.
- İki epizodda tribunalara baxıb, başınızdakı papağı çıxardınız. Bunun xüsusi səbəbi vardı, yoxsa təşəkkür növüdür?
- M.M.: Tribunadan bizə möhtəşəm dəstək gəlirdi. Bu jesti etməklə azarkeşlərə təşəkkür etdim. Onlar da jestimi alqışla qarşıladılar.
- Məşhur azərbaycanlı atıcı Zemfira Meftahətdinova Sidney-2000 olimpiadasında qızıl medal qazanmışdı. Siz də həmin vaxt eyni uğura sevinmişdiniz. Zemfira xanımla münasibətiniz var?
- M.M.: Əlbəttə. Həm də çox yaxşı münasibətə sahibik. O, bizim ən yaxın dostlarımızdan biridir və biz onu çox sevirik.