“Azərbaycan cüdoçuları Rüstəm Orucov, Orxan Səfərov kimi zəngin karyeraya malik idmançı olacaqlar və məşqçiliyə başlayanda digər ölkələrdən geri qalmayacaqlar. Təbii ki, bu proses 4-5 illik əmək tələb edir”.
“Report”un məlumatına görə, bunu Türkiyə Cüdo Federasiyasının Təhsil Direktoru, Avropa Cüdo Birliyinin Kata Komissiyasının üzvü Mehmet Yılmaz jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən təşkil edilən Dan dərəcələri üzrə seminar və imtahana rəhbərlik edən Mehmet Yılmaz bunun ilk dəfə həyata keçirildiyini xatırladıb: “Buna qədər Azərbaycanda Dan imtahanı keçirilməmişdi. Yeniyetmələr üçün kəmər sınağı olmuşdu. Yeri gəlmişkən, bazada şəraitin yüksək səviyyədə olduğunu da deməliyəm”.
O, I və II Dan imtahanlarına qatılanların ACF tərəfindən təşkil edilən müvafiq dərəcəli məşqçi kurslarında iştirak edəcəklərini bildirib: “Bundan başqa, Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə birgə təşkil olunan IJF Akademiyası kursu var. Beynəlxalq arenalarda məşqçilik edəcək mütəxəssislərin bu səviyyəyə yüksəlmələri vacibdir. Hazırda IJF Akademiyasında 50-60 məşqçi seminarda iştirak edir. Məşqçilər cüdoya aid bütün texniki hərəkətləri yerinə yetirdilər. Burada qazandıqları təcrübəni gələcəkdə klublarında yetirmələrinə öyrədəcəklər”.
Qeyd edək ki, Dan dərəcələrinin verilməsinə həsr olunan seminar və imtahan yanvarın 24-də başa çatacaq. Seminar və imtahanı uğurla başa vuran iştirakçılara müvafiq Dan dərəcəsi üzrə bilik və bacarıqlarını təsdiq edən sertifikat veriləcək.
İmtahana 50 cüdo məşqçisi qatılıb.