Bakı. 9 iyul. REPORT.AZ/ 2020-ci il Tokio Olimpiya Oyunlarına ağırlıqqaldırma növü üzrə lisenziya qazanılma sistemində dəyişikliklər olub.
Azərbaycan Ağır Atletika Federasiyasından "Report"a verilən məlumata görə, bu barədə qərar Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) Özbəkistanın paytaxtı Daşkənddəki növbəti Konqresində qəbul olunub.
Tədbirdə təsnifat mərhələsində əvvəllər mövcud olan qayda ləğv edilib. Yeni qərara əsasən, atletlər olimpiadaya lisenziyanı komanda yox, fərdi şəkildə əldə etməli olacaqlar. Təsnifat yarışları 3 mərhələdə - 2018-ci il noyabrın 1-dən 2020-ci il aprelin 30-dək davam edəcək.
Lisenziya qazanmaq istəyən atletlər təsnifat dövründə Yay Olimpiya Oyunları üçün təsdiqlənmiş çəki dərəcələrində ən azı 2 yarışda çıxış etməli və xal toplamalıdırlar. İlk təsnifat yarışı 1 - 10 noyabrda Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək kişilər və qadınlar arasında dünya çempionatı olacaq.