Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun yarımfinal mərhələsinin birinci partiyaları oynanılıb.
“Report” xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla üz-üzə gəlib.
Şahmatçılar arasında ilk duel heç-heçə yekunlaşıb. Növbəti görüş sabah olacaq. Orada da bərabərlik qeydə alınarsa, qalib sentyabrın 28-də tay-breykdə müəyyənləşəcək.
İki çinli - Dinq Liren və Yu Yanq Li arasındakı digər yarımfinal görüşündə də qalib müəyyənləşməyib.
Sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq.