Tayfur Əliyev: "Hakimlərin bu cür qərarlarını qəbul etmirəm"

Tayfur Əliyev: "Hakimlərin bu cür qərarlarını qəbul etmirəm" "Etiraz etsək belə, heç nə dəyişməyəcək"
Fərdi
2 Aprel , 2018 16:00
Tayfur Əliyev: Hakimlərin bu cür qərarlarını qəbul etmirəm

Tırqı-Jiu. 2 aprel. REPORT.AZ/ "Boksda hakimlərin idmançılara qarşı haqsızlıqlarının hər yarışda şahidi oluruq". 

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında 56 kq çəki dərəcəsində gümüş medal qazanan Azərbaycan millisinin üzvü Tayfur Əliyev deyib. 

Finalda hakimlərin qərarı ilə rumıniyalı boksçu Robert Jitaruya uduzan T.Əliyev bildirib ki, beynəlxalq yarışlarda yerli idmançılara simpatiya bəslənmə halları təbiidir: "Ev sahibinə ən azı 1 qızıl medal verirlər. Bu medalı da mənim rəqibim Robert Jitaru qazandı. Hakimlərin bu cür qərarlarını qəbul etmirəm. Etiraz etsək belə, heç nə dəyişməyəcək. Burada həmçinin doğma divarlar da öz rolunu oynadı. İnanıram ki, Jitaru ilə başqa yarışlarda görüşəcəyik və bu məğlubiyyətin əvəzini çıxacağam”.

Azərbaycan boksçusu final görüşünə xüsusi hazırlaşdığını və rəqibin zəif yerlərini əvvəlcədən müəyyənləşdirdiyini də vurğulayıb: “Finaldakı döyüşün çətin olacağını bilirdim. Rumın boksçu olan rəqibim təcrübəli və cəld idi. Onun döyüşlərini izləmişdim. Finalda fərqli taktika ilə çıxış etdim. 1-ci raundda kəşfiyyat aparmaq, 2-ci raundda rəqibimi yormaq, 3-cü raundda isə onu üstələməyi planlaşdırmışdım. Müəllimlərimin fikrincə, qələbə qazanmağa layiq döyüş göstərmişdim".

T.Əliyev Avropa çempionatında çıxışını təcrübə baxımından yüksək qiymətləndirib və Bakıya qayıtdıqdan sonra buraxdığı səhvlərin üzərində işləyəcəyini də əlavə edib.

Qeyd edək ki, Avropa çempionatında daha bir medalı Məhəmməd Abdullayev (+91 kq) qazanıb. O, bürünc medala sahib olub. 

Son xəbərlər

Orphus sistemi