"ShamkirChess 2018" superturnirinin bağlanış mərasimi keçirilib

"ShamkirChess 2018" superturnirinin bağlanış mərasimi keçirilib Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess 2018 superturnirinin bağlanış mərasimi keçirilib.
Fərdi
29 Aprel , 2018 00:42
ShamkirChess 2018 superturnirinin bağlanış mərasimi keçirilib

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirinin bağlanış mərasimi keçirilib.

"Report"un məlumatına görə, ardıcıl 5-ci dəfə təşkil olunmuş yarışın təntənəli bağlanış mərasimi Azərbaycanı "Eurovision-2017" mahnı müsabiqəsində təmsil etmiş Dihajın (Diana Hacıyeva) ifası ilə başlayıb.

Ardından çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov superturnirdə 10 günün qısa müddətdə keçdiyini bildirib. O, turnirin ildən-ilə rəngarəngliyi və səviyyəsi ilə yüksəklərə qalxdığını bildirib:

"Bu müddətdə dünya şahmat ictimaiyyətinin diqqəti Azərbaycana, bu yarışa yönəldi. Artıq şahmat dahilərinin doğma məkanı Linares yox, Şəmkirdir. Azərbaycan bütün dünyanı təəccübləndirməkdə davam edir. Eyni zamanda ayrı-ayrı istiqamətlərə töhfə verməkdəyik. Buna görə ölkə prezidenti İlham Əliyevə minnətdarıq".

A.Məmmədov superturnir iştirakçılarının Şəmkirin fəxri vətəndaşı adına layiq olduqlarını da əlavə edib. Lakin o, bir şərt irəli sürüb:

"6-cı turnirdə iştirakdan sonra bu məsələyə baxacaq və bundan qürur hissi keçirəcəyik".

İcra başçısı "ShamkirChess 2018"in baş sponsoru SOCAR-a, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə, eləcə də turnirə gələn şahmatçılara minnətdarlığını bildirib:

"Vüqar Həşimovun xatirəsi hamımız üçün əzizdir. Bunu dünya şahmatçıları da əziz tuturlar. Biz bir az darıxacağıq, amma gözümüzü yumub-açacağıq, görəcəyik ki, 6-cı turniri keçiririk".

Veyk-an-Zeye superturnirinin direktoru Yerun van den Berq iki turnirin bir-biri ilə əlaqədə olduğunu bildirib. Bir müddət əvvəl Sərxan Həşimov ən fəal şahmatçıya mükafat vermişdi. Bu il biz 80 illiyi qeyd etdik, siz isə 5 illiyi. Ümid edirəm ki, turniri davamlı keçirəcəksiniz.

Daha sonra Vüqar Həşimovun atası Qasım Həşimova mükafat təqdim olunub.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, superturnirin direktoru Mahir Məmmədov SOCAR prezidenti Rövnəq Abdullayev adından salamlarını çatdırıb və uğurlu yekun münasibətilə hamını təbrik edib. O, 10 gün ərzində Vüqar Həşimovun və Azərbaycanın adına layiq turnir keçirdiklərini vurğulayıb:

"İlk turlar heç-heçələr olsa da, sonralar qan töküldü, qələbələr qazanıldı. Gözlənildiyi kimi Maqnus Karlsen qalib oldu. İddiaçılar Turnirinin bu yarışa müəyyən təsiri oldu. Buna baxmayaraq, turnir çox maraqlı və canlı keçdi".

M.Məmmədov ölkədə Ümumdünya Şahmat Olimpiadası və Dünya Kubokunun da keçirildiyini, bundan sonra da belə nüfuzlu yarışları təşkil edəcəklərini vurğulayıb. O, "ShamkirChess"in artıq beynəlxalq turnirlər arasında öz yerini tutduğunu əlavə edib.

Sonda bütün 10 iştirakçı səhnəyə dəvət olunub və mükafatlandırma mərasimi keçirilib.

Son xəbərlər

Orphus sistemi