Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçi postuna əsas namizədin adı müəyyənləşib

Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçi postuna əsas namizədin adı müəyyənləşib Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna əsas namizədin adı müəyyənləşib.
Fərdi
24 Sentyabr , 2019 12:31
Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçi postuna əsas namizədin adı müəyyənləşib

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna əsas namizədin adı müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, bu, dağıstanlı mütəxəssis Ənvər Məhəmmədhacıyevdir. Hazırda Dağıstanın gənclərdən ibarət yığmasında böyük məşqçi, Rusiya millisində məşqçi kimi çalışan 63 yaşlı mütəxəssis həm də Azərbaycan millisinin üzvlərindən Şərif Şərifov və Cəmaləddin Məhəmmədovun şəxsi məşqçisidir.

O, yeni vəzifədə həmyerlisi Saypulla Absaidovu əvəzləyəcək. Məsələnin yaxın vaxtlarda həllini tapacağı gözlənilir.

Məhəmmədhacıyevin özü "Report"a açıqlamasında belə bir variantın olduğunu istisna etməyib: "Bununla bağlı danışıqlarımız olub. Milli üzvlərinin yarısının legioner olması səbəbindən komandada mənim çalışmağımın məqsədəuyğunluğu bildirilib. Razılaşsam, mənə rəsmi təklif ünvanlamaları mümkündür. Yəni, "Rəhbərlik istəsə, təklifi qəbul edərəmmi" söhbətini etmişik. Bu məsələyə dair qərarı rəhbərlik verəcək".

Təcrübəli məşqçi Azərbaycan yığmasında işləməyin hamının arzusu olduğunu etiraf etsə də, bəzi məsələlərin həllinin gərəkliyini dilə gətirib: "Belə güclü yığmada işləmək isə dünyanın istənilən məşqçisinin arzusudur. Hətta belə etimad göstərməyin özü qarşılığında nə edəcəyimi bilmirəm. Bu, mənim üçün fəxrdir. Yaxşı yığma, yaxşı işdir. Amma dərhal qışqıraraq, "hazıram" və ya "yox" deyə bilmərəm. Məsələnin həlli federasiya rəhbərliyindən asılıdır. Rəsmi təklif olsa, bu barədə düşünmək olar. Bəzi məsələləri də yoluna qoymaq lazımdır. Dağıstan Respublikasının paytaxtı Mahaçqalada çalışdığım Həmid Həmidov adına İdman Məktəbində yüzlərlə güləşçi məşğul olur. Təkcə bu il iki yetirməm gənclər arasında Avropa çempionu, dünya çempionatının mükafatçısı olub. Onları atıb gəlmək də gözəl addım olmaz. Alınsa, o güləşçiləri də Azərbaycan millisinə cəlb etmək mümkündür. Eyni zamanda ailə problemlərim var. Rəhmətə gedən qardaşımın 3 qızı qalıb, onları da mən tərbiyə edirəm. Bütün bunları danışıb həll etmək lazımdır. Görək, necə alınacaq..."

Qeyd edək ki, indiyədək Azərbaycan millisində Ənvər Məhəmmədhacıyevin 14 yetirməsi çıxış edib. Onlar 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatı öncəsindən etibarən yığmaya cəlb olunmağa başlayıblar. Şərif Şərifov Avropa, dünya və olimpiya çempionudur. O, Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 97 kq çəki dərəcəsində gümüş medal qazanıb. Hazırda 125 kq çəki dərəcəsində yer alan Cəmaləddin Məhəmmədov isə Avropa və dünya mükafatçısıdır. 

Son xəbərlər

Orphus sistemi