Rumıniya Olimpiya Komitəsinin prezidenti, "Bakı-2019" Avropa Gənclər Yay Olimpiya Festivalında Rumıniya nümayəndə heyətinin rəhbəri Mihay Kovaliunun "Report" İnformasiya Agentliyinə müsahibəsi:
- Sizcə, yarış nə dərəcədə yaxşı təşkil olunub?
- Bu yarışlar üçün infrastrukturun artıq Bakıda keçirilmiş Birinci Avropa Oyunlarından etibarən hazır olması və bütün meydançaların bütün idman növləri üçün hazır olması yaxşı haldır. İdmançılar üçün hər şey yüksək səviyyədə təşkil olunub, bu, çox vacibdir. Uşaqlar Azərbaycan haqqında çox şey bilmirdilər, ancaq ölkənizdə idmanın səviyyəsi barədə məlumatlı idilər. Onlar üçün yaxşı hazırlanmış meydançalarda iştirak etmək və evə xoş xatirələr və təcrübə ilə qayıtmaq çox vacibdir. Bakıda çoxlu yarışlar təşkil edilir.
- Hansı idman növlərində daha çox medal gözləyirsiniz?
- Əlbəttə, bizim üçün bütün iştirakçılar və idman növləri vacibdir. Amma daha çox uğur qazandığımız sahələr var: güləş, üzgüçülük, cüdo, gimnastika və s. Təbii ki, medal hesabında mümkün qədər yüksək yerdə olmaq istəyirik və bunun üçün yaxşı nəticələr göstəririk. Artıq üç qızıl medal qazanmışıq.
- İdman sahəsində Azərbaycan və Rumıniya arasındakı əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?
- Azərbaycan, məsələn, idman infrastrukturu qurulmasında bizdən daha uğurludur. İdmançılarımız tez-tez birgə məşqlər keçirlər. Qeyd etmək istəyirəm ki, güləş federasiyalarımız çox fəal əməkdaşlıq edirlər. Azərbaycanlı güləşçilərin çox güclü olduğunu hamımız bilirik. Bundan əlavə, stolüstü tennis federasiyamız da Azərbaycan tərəfi ilə təcrübə mübadiləsində çox maraqlıdır. Sizdə bir çox idman növləri üçün böyük və müasir meydançalar var. Buraya gələrək bu yarışlarda iştirak etməkdən çox məmnunuq.
- Azərbaycanla bağlı təəssüratlarınız necədir? Burada daha çox nəyi bəyənirsiniz?
- İlk növbədə, buradakı insanları çox bəyənirəm. Onlar da Rumıniyadakı insanlar qədər səmimi və mehribandırlar. Onlar ölkəyə gələn hər bir adamı qəbul etməyə, onlara ölkəni göstərməyə, təcrübə mübadiləsinə hazırdırlar. Azərbaycan mətbəxi də, əlbəttə ki, inanılmaz dərəcədə dadlıdır. Həm idman sahəsində, həm də, məsələn, iqtisadi sahədə əməkdaşlıq üçün çox geniş imkanlarımız var. Azərbaycan karbohidrogenlərlə zəngin ölkədir. Əminəm ki, ölkələrimizin əməkdaşlığı hər iki tərəfə xeyir verəcək. Xalqlarımızın dostluğu son dərəcə vacibdir. Çünki yaxşı tərəfdaşlıq üçün insanlar arasında yaxşı münasibətlərin olması vacibdir.