Bakı. 23 oktyabr. REPORT.AZ/ "Çox ağır görüşlərim olub. Məni orada yapon idmançısı gözləyirdi. Onu məğlub etməyə köklənmişdim. Bunu da bacardım".
"Report" xəbər verir ki, bunu Baham adalarının paytaxtı Nassau şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatında qızıl medal qazanan Rövşən Əliyev deyib.
55 kq çəki dərəcəsinin finalında öz həmyerlisi Balabəy Ağayevlə üz-üzə gələn idmançı buna görə sevindiyini bildirib: "Final görüşünün mənim üçün asan olmayacağını bilirdim. Çünki bir-birimizin taktiki gedişlərini bilirik. Final qarşılaşması çox çətin oldu. Balabəy də çox güclü idmançıdır. Bir-birimizi yaxşı tanıyırıq, zəif və güclü nöqtələrimizə bələdik. Sonda mən qalib gəldim. 2016-cı ildə yeniyetmələr arasında Avropa çempionu olmuşam. Bu il isə Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında Avropa ikincisi oldum. Birinci dəfə idi ki, dünya çempionatının qalibi olurdum".
Gənclər arasında dünya çempionatının gümüş mükafatçısı Balabəy Ağayev isə yarışın çox ağır olduğunu xatırladıb: "Finala vəsiqə qazandığım üçün çox sevindim. Rəqibim isə Rövşən idi. Yarışda birinci rəqibi asanlıqla üstələdim. İkincisi isə çox ağır oldu. Buna baxmayaraq, qalib gəlməyi bacardım. Yarımfinaldakı rəqibi də asanlıqla üstələdim. Finalda isə Azərbaycanın iki idmançısı mübarizə apardı, məğlub oldum. Amma əsas odur ki, Azərbaycanın himni səsləndi. Qismət olsa, Rövşənlə böyüklər arasında dünya çempionatının finalında da görüşmək istərdim. Məqsədim çempion olmaq idi. Gələn yarışlarda da yaxşı çıxış etməyə çalışacağıq. Biz güclüyük".
Milli komandanın məşqçisi İlham Məmmədov isə bu yarışa komanda olaraq çox yaxşı hazırlaşdıqlarını deyib: "Komandanın təlim-məşq toplanışları və məşq proqramları çox yaxşı təşkil olunmuşdu. Baş məşqçi Elçin İsmayılovun rəhbərliyi altında məşqlər çox gözəl keçirdi. Biz inanırdıq ki, dünya çempionatında qızıl medal qazanacağıq. Rövşən Əliyev əvvəl Avropa çempionu olub. İndi isə dünya çempionu oldu".
Gənclər arasında dünya çempionu olan Rövşən Əliyevin şəxsi məşqçisi də olan Məmmədov Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevə və vitse-prezident Sadıq Sadıqova minnətdarlığını bildirib: "İdmançıların üzərində əməyi olan hər kəsə təşəkkür edirəm. Bu, bizim üçün böyük uğurdur, kiçik nəticə deyil. Məqsədimiz nailiyyətləri artırmaqdır".