Tokio-2020 Yay Paralimpiya Oyunlarının üçqat qalibi olan Azərbaycan üzgüçüsü Roman Saleyin "Report"a müsahibəsi
"Qızıl medallarımın hərəsi 600 qramdır"
- Azərbaycanın ilk üçqat paralimpiya çempionusunuz. Sizi bu münasibətlə təbrik edirik. Təəssüratlarınız necədir?
- Təbrikə görə çox sağ olun. Təəssüratlar əladır. Bir medal qazananda ən yüksək hissləri keçirirsiniz. Medal sayı 3 olanda isə duyğuları sözlə ifadə etmək olmur. Yumşaq desək, çox sevincliyəm. Nəticələrimdən razıyam.
- Bilirik ki, bu idman növündə çoxlu medal qazanmaq olar. Olimpiadada bu cür halların şahidi olmuşuq. Məsələn, ABŞ üzgüçüsü Maykl Felps 2016-cı Rio Yay Olimpiya Oyunlarında 5 qızıl medal əldə edib. Paralimpiya Oyunlarında bu qədər medal qazananların sayı çoxdur?
- Bəli, paralimpiadada da bir neçə medal qazanan idmançılar var. Üzgüçülük, atletika kimi növlərdə bunu etmək mümkündür. Tokio paralimpiadasında da belə idmançılar oldu. Onların arasında mən də varam. Azərbaycandan isə 3 qızıl medal qazanan idmançı hələlik yalnız özüməm.
- Qazandığınız medalın çəkisi çoxmu ağırdır?
- Bəli, hərəsi 600 qramdır. Onları çətinliklə gəzdirirəm.
- Sizədək paralimpiadalarda ən çox qızıl medalı paracüdoçu İlham Zəkiyev qazanmışdı. Rekordunu üstələdikdən sonra o, sizi təbrik etdi?
- Bəli, təbrik edib. Amma mənim onu keçdiyimi deməyib.
"Rioda o, çempion, mən isə ikinci olmuşdum, bu dəfə yerimizi dəyişdik"
- Sprinter yarışları tamaşaçılar üçün hər zaman maraqlı olur. Təəssüf ki, Tokioda pandemiya səbəbindən azarkeşlərin yarışı izləməsinə icazə verilmədi...
- Bəli, tamaşaçılar olmadı. Amma Tokioya yollanan komanda yoldaşlarımız bizi dəstəklədilər. Onların tribunada əyləşmələrinə icazə vermişdilər. Boş zalda çıxış etmək bizi bir az sıxırdı. Amma dəstək var idi. Bilirdik ki, bizi izləyirlər, azarkeşlik edirlər. Onların üzünü qara etməməyə və Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışdıq.
- Əvvəlki paralimpiadalarda heç vaxt bu qədər qızıl medal qazanmamışdıq. 5 il öncəki Oyunlarla indiki arasındakı fərq nə idi ki, Azərbaycan idmançıları belə uğurlu çıxış etdilər: Bəlkə rəqabət istənilən səviyyədə deyildi?
- Xeyr. Sadəcə, səhvlərimizin üstündə işlədik. Hamı öz səhvini bilirdi. Çox çalışıb uğur qazandıq. Bu dəfə isə güclü olduğumuzu göstərdik. İdman elədir ki, sabah daha güclüsü gələ bilər. Amma bu gün üçün biz ən yaxşıyıq.
- Rio-2016-da gümüş medal qazanmışdınız. Şəxsi uğurlarınızı müqayisə etsək, niyə həmin vaxt ikinci olmuşdunuz, Tokioda isə 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdınız?
- Riodakı yarış ilk paralimpiadam idi. Təcrübəsiz idim, güclü rəqiblərlə yarışırdım. Bayaq da dediyim kimi, öz səhvlərimin üzərində işlədim. Qarşıma konkret hədəf qoydum ki, gümüş medalım var, bu dəfə "qızıl" qazanmalıyam. İki yarış arasındakı müddətdə çox çalışdım və nəticəsini gördüm.
- Rio-de-Janeyro və Tokioda neçə rəqibiniz var idi?
- Üzgüçülükdə təsnifat və final mərhələsi var. Əvvəlcə təsnifatda yarışırsan, axşam seansında isə 8 nəfər final mərhələsində mübarizə aparır. 50 metr məsafəyə təsnifat yarışında təqribən 20 idmançı olur. Amma pandemiyaya görə onların hamısı gələ bilməmişdi. Məsələn, Rio-2016-da müxtəlif ölkələrdən çoxlu üzgüçü var idi. İndi isə konkret parametr qoymuşdular ki, Tokioda ən güclü 16 idmançı yarışmalıdır. Düzdür, bəzi məsafələrdə bir az çox oldu. Amma koronavirusla bağlı məhdudiyyətlərə görə idmançı sayını azaltmışdılar.
- Tokio paralimpiadasında xüsusi rəqibiniz var idimi ki, onunla Rioda da yarışmısınız?
- Hər məsafədə öz rəqibim var idi. Əsas rəqiblərimdən biri ötən Oyunların qalibi olmuş ukraynalı Sergey Klippert idi. Rioda o, çempion, mən isə ikinci olmuşdum. Bu dəfə yerimizi dəyişdik. 100 metr məsafəyə sərbəst üsulla üzmədə digər ukraynalı Maksim Veraksa da əsas rəqiblərimdən idi. O, layiqli rəqibdir. Qoca olmasa da, yaşı çoxdur. İndiyədək çox şeyə nail olub. Paralimpiya çempionu, dünya rekordçusudur. Onunla yarışıb qalib gəlmək mənim üçün şərəf idi. Bu, mənim özüməqiymətimi artırdı. 100 metr məsafəyə batterflay yarışında isə əsas rəqibim böyük britaniyalı Stiven Klerk idi. O, apreldə yeni dünya rekordu müəyyənləşdirmişdi. Bu cür təcrübəli və titullu idmançıları qabaqlayıb qızıl medallar qazandım.
"Valideynlərim də görmə məhdudiyyətlidir"
- Bir az keçmişə qayıdaq. Siz Belarusda anadan olmusunuz. Qardaşınız Dmitri Saley da üzgüçüdür. Hər ikiniz paralimpiyaçısınız. Yəqin ki, görmə probleminə görə para-üzgüçülüklə məşğulsunuz...
- Valideynlərimiz görmə məhdudiyyətlidir. Bu səbəbdən, anadan olanda bizdə də həmin problem olub. Yəni, anadangəlmə görmə məhdudiyyətliyik. Valideynlərimiz uşaqlıqdan bizə öyrədiblər ki, sizin heç bir fiziki qüsurunuz yoxdur, normal, sağlam uşaqlarsınız. Küçədə uşaqlarla qaçırdıq, heç bir çatışmazlığımızın olmadığını düşünürdük. Düzdür, nəyisə görməyə bilərdik. Amma özümüzü tam sağlam hiss edirdik. Sonra zamanla valideynlərimiz kimi idmana getdik.
- Sizdə yaxını, yoxsa uzağı görmə qabiliyyəti zəifdir: Məsələn, məni görürsünüz?
- Bəli, görürəm, amma üz cizgiləriniz tam aydın deyil. Dəqiqlik yoxdur. Uzaq məsafəni isə görmürəm. Məsələn, hərdən deyirlər ki, suyun altında gözünüzü açırsınız, hər şey bulanıq görünür. Məndə də təqribən belə bir şeydir.
- Suyun altında ümumiyyətlə heç nə görmürsünüz?
- Xeyr. Suyun altında nəyisə görmək daha çətindir. Amma mən artıq buna öyrəşmişəm. Uşaqlıqdan görmə qabiliyyətim zəif olduğundan, boşluqda özümü istiqamətləndirirəm. Suyun altında çətin olur, ona görə də eynək taxıram.
- Vaxtilə qardaşınız da Azərbaycanı təmsil edib...
- Bəli. O, karyerasına Belarusda başlayıb. Daha sonra Azərbaycana gəlib, Rio olimpiadasında mübarizə aparıb və iki gümüş medal qazanıb. Daha sonra yenidən Belarusa qayıdıb və hazırda orada çıxış edir. Tokio-2020-də onun çıxışı uğurlu alınmadı: iki dəfə 6-cı yeri tutdu.
- Tokioda onunla da rəqib oldunuz?
- Bəli, 50 metr məsafəyə sərbəst üsulla üzmədə rəqib olduq. Mən finişə ondan tez çataraq, 4-cü yeri tutdum.
- Artıq yarışlarda 100 metr məsafəyə üzürsünüz. Yəqin, gücünüzü kifayət edir...
- Uşaqlıqdan uzun məsafəyə üzmüşəm. Amma paralimpiya növündə ən uzun məsafə 400 metrdir. Üzgüçülüyün spesifikası belədir ki, ya uzun, ya da qısa məsafəyə üzürsən. Qərar verdik ki, nələrisə dəyişmək lazımdır. Daha çox sprinter keyfiyyətlərimi inkişaf etdirmək üzərində işlədik. Gördüyünüz kimi, hər şey yaxşı alındı.
"Böyük məmnuniyyətlə reklamlara çəkilmək istərdim"
- Qardaşınız müsahibəsində demişdi ki, Azərbaycanı idmançıları aldatmadıqları üçün seçib...
- Bu, onun şəxsi fikridir (gülür). Mənim isə öz səbəblərim oldu. Amma onlar barədə danışmaq istəmirəm. Mənə bu imkanı verdikləri üçün Azərbaycan Milli Paralimpiya Komitəsinə minnətdarlığımı bildirirəm. Sağ olsunlar ki, məni qəbul etdilər. Düşünürəm ki, bu, həm özüm üçün, həm də Azərbaycan xalqı adına fəxrdir. Çünki ölkənin bayrağını ucaldıram.
- Buna görə də Azərbaycan Prezidenti İlham Əliyev həm Rio, həm də Tokio olimpiadasından sonra sizi mükafatlandırdı. Bu, sizin üçün nə deməkdir?
- Həqiqətən çox fərqli hisslər keçirirəm, həyəcanlıyam. Ölkə prezidentinin səni mükafatlandırması şərəfdir. O, səni ordenlə təltif edir, qəbul edir, əlini sıxır. Bu, çox əla hadisədir. Özünü dəyərli hiss edirsən.
- Sərəncamla nəzərdə tutulan pulu nəyə xərcləməyi düşünürsünüz?
- 8 ildir Azərbaycanda yaşayıram, amma hələ mənzilim yoxdur. Şəxsi məşqçimin yanında qalıram. Özümə mənzil almaq isətyirəm. Eyni zamanda böyük məmnuniyyətlə reklamlara çəkilmək istərdim.
- Bu yöndə hər hansı təklif almısınız?
- Hələ heç bir təklif almamışam. Hazırda klubum da yoxdur. Bir sözlə, mənim üçün kədərli vəziyyətdir.
- 44 günlük müharibə vaxtı vəziyyəti izləyirdiniz?
- Mən həmin vaxt pandemiya ilə əlaqədar Belarusda idim. Buradakı insanlarla əlaqə saxlayırdım. Nəyin necə olduğu barədə mənə məlumat verirdilər. müəyyən həyəcan var idi. Amma sonda hər şey əla oldu.
"Belarusda Azərbaycana gedişimə təəssüflənirlər"
- Tokio paralimpiadasından sonra Belarusa getmişdiniz?
- Xeyr. Hələ gedə bilməmişəm. Paralimpiadadan sonra həyat yoldaşımı görməmişəm. O da səbirsizliklə məni gözləyir.
- Belarusda nəticələrinizi görən məşqçilər sizi Azərbaycana buraxdıqları üçün təəssüflənmirlər?
- Bu barədə hələ heç nə bilmirəm. Düşünürəm ki, təəssüflənirlər. Amma bu, mənim qərarımdır. Hansı ölkədə çıxış etməyi özüm seçirəm.
- Azərbaycan üzgüçüləri Tokio olimpiadasında uğursuz çıxış etdilər. Bakı - Xəzər dənizinin sahilində yerləşir. Sizcə, niyə onlar paralimpiyaçılar kimi uğurlu ola bilmirlər?
- Yalnız onu deyə bilərəm ki, üzgüçülüklə məşğul olanları uşaq yaşlarından inkişaf etdirmək lazımdır. Təbii ki, bu, mənim şəxsi fikrimdir. Dərhal uğur qazanmağa çalışmaq düzgün deyil. Bir az səbrli olmaq, yüksək səviyyəyə yavaş-yavaş çıxmaq lazımdır.
- Belarusla müqayisədə infrastruktur, ustalıq planında Azərbaycanda bu idman növünü inkişaf etdirmək üçün münasib şərait var?
- Düşünürəm ki, Azərbaycanda istənilən idman növünü inkişaf etdirmək üçün imkan var. Əsas istəkdir. Hər zaman nə isə etməyə çalışmaq lazımdır. Yerində dayanmaq olmaz. Çünki hamı irəliyə doğru hərəkət edir.
"Maykl Felps yox, özüm olacağam"
- Həm idman, həm də şəxsi həyatınızda hələ də çatmaq istədiyiniz hədəflər var?
- İdman planında əsas hədəfim paralimpiya qızılı qazanmaq idi. Artıq buna nail olmuşam. Amma dayanmaq fikrim yoxdur. Bir hədəfə çatdıqdan sonra qarşına yeni məqsədlər qoyursan.
- Bəs həyatda?
- Sevdiyim həyat yoldaşım, gözəl ailəm var.
- İdman planında xüsusi hədəfiniz var? Məsələn, paralimpiadanın Maykl Felpsi olmaq...
- Əlbəttə, Felpsə hörmət edirəm. Böyük idmançıdır. Amma onun kimi olmaq... Müqayisə aparmaq çətindir. Mən hər zaman özüm olacağam (gülür - red.).
- Paralimpiadada üzgüçülük idman növü üzrə titul baxımından rekordçu kimdir?
- Dəqiq deyə bilmərəm. Amma Belarusdan İqor Bokini qeyd edə bilərəm. O. həm Rio, həm də Tokio paralimpiadasında 5 qızıl medal qazanıb. Məsələn, ona Felps kimi üzgüçü demək olar.
- Azərbaycanda bir çox federasiyaların, məsələn, paracüdo, parataekvondo, para-atletika komandaları da var. Üzgüçülükdə belə bir komanda formalaşdırılıbmı?
- Xeyr. Amma istərdik ki, Azərbaycan Üzgüçülük Federasiyası bizə, para-üzgüçülərə də diqqət ayırsın. Biz də olimpiyaçı üzgüçülər qədər diqqətəlayiq idmançılarıq. Fərq qoymaq lazım deyil. Üzgüçülük ümumi strukturdur. Biz də diqqət görmək istəyirik. Mən tək deyiləm. Paralimpiya oyunlarında qızıl medal qazanmışıq. İstərdik ki, bizi də görsünlər, dəstək olsunlar.
- Deyirlər ki, paralimpiyaçılar təkcə rəqibləri ilə deyil, həm də öz problemləri ilə mübarizə aparırlar. Göstərdikləri yüksək nəticələri ilə necə yaşamağın, həyatdan nə cür zövq almağın yollarını göstərirlər. Onlar insanlar üçün örnəkdirlər. Özünə qapanan, heç nəyi bacara bilməyəcəyini düşünən insanlara hansı mesajı vermək istərdiniz?
- İnsan istədiyi hər şeyi edə bilər. Hətta bunu fiizki baxımdan etmək mümkün olmasa belə, böyük istək hesabına bacarar. Dediyim kimi, mənə öyrədiblər ki, sən həyatda hər şeyə nail ola bilərsən. Mən də hamıya deyirəm ki, istək varsa, qarşına qoyduğun hər hədəfə çata bilərsən. Əsas buna cəhd etməkdir. Amma "mən heç vaxt bunu edə bilmərəm" desən, bil ki, heç nə alınmayacaq.