Rəsul Çunayev "Rio-2016"da bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq - YENİLƏNİB-3

Rəsul Çunayev "Rio-2016"da bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq - YENİLƏNİB-3 Güləşçimiz ermənistanlı Miqran Arutyunyana məğlub olub
Fərdi
16 Avqust , 2016 19:17
Rəsul Çunayev Rio-2016da bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq - YENİLƏNİB-3

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev yarımfinal görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançının rəqibi ermənistanlı Miqran Arutyunyan olub.

Görüşün ilk hissəsində Arutyunyan tətbiq etdiyi 4 xallıq fəndlə hesabda irəli çıxıb. Fasilədən sonra Çunayev rəqibindən 1 xal alsa da, məğlubiyyətdən yaxa qurtara bilməyib.

Beləliklə, Azərbaycan təmsilçisi bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq.

*** 18:36

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev yarımfinala yüksəlib. 

"Report"un məlumatına görə, 25 yaşlı idmançı 66 kq çəki dərəcəsində 1/4 final görüşünü də qələbə ilə başa vurub.

O, əlcəzairli Rəsul Tarek Benessanı vaxtından əvvəl təmiz qələbə ilə məğlub edib - 10:2.

Yarımfinalda onun rəqibi Miqran Arutyunyan (Ermənistan) olacaq.

*** 18:01

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev növbəti görüşünə çıxıb.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançının 1/8 finaldakı rəqibi rusiyalı olimpiya çempionu İslambek Albiyev olub. 

Təmsilçimiz görüşün gedişində 0:2 hesabı ilə məğlub durumda olmasına baxmayaraq, 3:2 hesablı əzmkar qələbə qazanıb və bununla da 1/4 finala yüksəlib.

R.Çunayevin növbəti mərhələdə rəqibi Əlcəzair idmançısı Tarek Əziz Benaissa olacaq.

*** 17:11

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev ilk görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançının 1/16 finala təsadüf edən ilk görüşdəki rəqibi kubalı Migel Martines Palasio olub.

İlk hissədə Çunayev rəqibinə 2 xal qazanmaq imkanı versə də, ikinci hissədə 4 xallıq fəndlə önə keçib. Nəticədə o, 4:2 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib.

Qeyd edək ki, Rəsul Çunayevin növbəti rəqibi rusiyalı olimpiya çempionu İslambek Albiyev olacaq.

Son xəbərlər

Orphus sistemi