Göygöldə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yeniyetmə cüdoçular arasında Avropa Kubokunda ilk mükafatçılar məlum olub.
Birinci gündə Azərbaycan idmançıları ümumilikdə 6 qızıl, 5 gümüş, 5 bürünc medal qazanıblar.
"Report"un Göygölə ezam olunmuş əməkdaşının suallarını cavablandıran Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu həm turnir haqda fikirlərini bölüşüb, həm də böyüklərdən ibarət Azərbaycan millisinin Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirib.
- Göygöldə təşkil edilən yeniyetmələrin Avropa Kuboku Azərbaycanda ilk dəfə keçirilir. Təəssüratlar necədir?
- Yarışın regionda keçirildiyini və ölkəmizdə ilk dəfə təşkil olunduğunu nəzərə alaraq, Avropa Cüdo Birliyi ilə birlikdə müzakirə etdik. Avropa Kubokunda 300-ə yaxın idmançı çıxış edir. Hesab edirik ki, ilk turnir üçün yaxşı nəticədir. Amma hədəfimiz bunu ənənəvi yarışa çevirməkdir. Yeniyetmələrin Avropa Kubokunu brend turnirlərdən etmək istəyirik. Builki yarış Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Onun təməlini qoyduğu idman siyasətinin davam etdirilməsinə kiçik də olsa töhfə verdiyimiz üçün çox şadıq. Eyni zamanda, cənab Prezident İlham Əliyevin ilin idman yekunlarına həsr olunan çıxışında qeyd etdiyi kimi, regionlarda idmanın kütləviləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu sahədə federasiyaların da üzərinə iş düşür. İnanıram ki, Avropa Kubokunun Göygöldə keçirilməsi regionda cüdonun inkişafına kiçik də olsa töhfə verəcək.
- Yarışa qatılan cüdoçular arasında qərb bölgəsindən olanlar var?
- Bəli. Məsələn, 55 kq çəki dərəcəsində gümüş medal qazanan Fərid Qarayev Gəncə cüdo məktəbinin yetirməsidir. Gəncədən, Goranboydan, Naftalandan nümayəndələrimiz var. Bundan başqa, Zataqalanı təmsil edənlər var, Sumqayıt çox sayda cüdoçu ilə yarışa qatılıb. Hesab edirik ki, bu yarışın təşkili onların ustalıq səviyyəsinin artması baxımından böyük önəm kəsb edəcək. Həm də bu turnir iyunun sonlarında Portuqaliyada keçiriləcək yeniyetmələr arasında Avropa Kubokuna, gənclərin Olimpiya İdman Festivalına, həmçinin, dünya çempionatının hazırlığına seçim xarakteri daşıyır. Yəni bu yarışda seçimlər də aparılacaq.
- Qeyd etdiniz ki, Avropa Kubokunu ənənə halına salmaq istəyirsiniz. Turniri hər il Göygöldə keçirməyi planlaşdırırsınız, yoxsa müxtəlif regionlarda?
- Hər hansı bir ölkə il ərzində yeniyetmələrin Avropa Kubokuna bir dəfə ev sahibliyi edə bilər. Yəni, bir ildə iki fərqli yerdə keçirə bilmərik. Ancaq bu ənənəni Göygöldə davam etdirmək istəyirik. Bu mənada Göygöl İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin dəstəyini hiss edirik. Açığı, Bakıda yarış təşkil etmək daha rahatdır. Qarşılaşdığımız ən böyük çətinlik Gəncə Hava Limanına uçuşların az olmasıdır. Çünki iştirakçı komandalar Bakıya uçmalı, oradan da bura gəlməlidirlər. Bu məsələdə müəyyən çətinliklərimiz olsa da, problemi həll edəcəyimizə inanırıq. Məqsədimiz odur ki, buradakı növbəti mötəbər turnirə daha çox komanda cəlb edək və minimum 400 idmançı yarışa qatılsın.
- Qətərin paytaxtı Dohada mayın 7-də böyüklər arasında dünya çempionatı start götürəcək. Gözləntiləriniz nələrdir?
- Bu gün püşkatma oldu, idmançılarımızın rəqibləri bilindi. Püşkün nəticəsinə əsasən düşünürəm ki, Azərbaycan millisinin 3 medal qazanmaq şansı kifayət qədər böyükdür. Təbii ki, ora yollanan hər bir idmançımızın mükafatçılar sırasına düşmək şansı var. Amma düşünürəm ki, 3 nəfər daha şanslıdır.