Bakı. 23 yanvar. REPORT.AZ/ Bakıda keçiriləcək paracüdo üzrə Qran-prinin qaliblərinə Azərbaycan xalq nağılının qəhrəmanı olan Cırtdanın kimanoda olan kuklası hədiyyə ediləcək.
Milli Paralimpiya Komitəsindən (MPK) "Report"a verilən məlumata görə, əlil arabası istifadəçisi Bahar Şıxıyeva belə bir təşəbbüslə çıxış edib. O, öz əl işi olan kimanolu Cırtdan kuklasını MPK rəhbərliyinə təqdim edib. Şıxıyeva cüdo yarışlarında qalib gələn hər bir idmançı üçün kimanolu cırtdan oyuncağını hazırlaya biləcəyini söyləyib.
ARMPK təşəbbüsü bəyənərək həmin hədiyyələri Şıxıyevanın qaliblərə şəxsən təqdim etməsinə qərar verib. Əlil arabası istifadəçisi 70 ədəd həmin hədiyyəni komitənin dəstəyi ilə hazırlayacaq.
Qeyd edək 11 - 13 mayda Bakıda ilk dəfə təşkil olunacaq Qran-pri 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandıracaq. Yarışda 43 ölkədən 250 paracüdoçu iştirak edəcək.